AMEA-nın Rəyasət Heyətində “Bilik günü” münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik Akif Əlizadə açıb.

 

2015-ci ildə dövlət başçısı cənab İlham Əliyevin birbaşa dəstəyi ilə Milli Elmlər Akademiyasının çox müqəddəs və məsuliyyətli bir uğura imza atdığını bildirən akademik AMEA-nın magistraturasına ilk qəbulun həyata keçirildiyini və bunun elmi ictimaiyyət tərəfindən uğurla qarşılandığını deyib.

 

AMEA rəhbəri akademiyada magistraturanın yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə hədəfləndiyini söyləyib və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA-nın magistraturasına indiyədək qəbul olmuş 204 nəfərin 166-sı öz yüksək təhsillərini almaqla yanaşı, həm də öz elmi-tədqiqat bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirirlər”.

 

AMEA prezidenti  akademiyada elm və təhsilin inteqrasiyasına da çox ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb. AMEA-nın magistraturasını bitirmiş məzun magistrlərin əksəriyyətinin təhsillərini doktorantura və dissertantura pilləsində davam etdirməyə nail olduqlarını söyləyən A.Əlizadə ilk iki buraxılışın 74 məzunundan 48-nin öz yüksək təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirdiyini, 5 nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə  qəbul olduqlarını, bu ilin məzunlarından 1 nəfərin isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasasına tam təqaüdlə qəbul edildiyini bildirib.

 

A.Əlizadə bu ildən isə yüksək balla magistraturaya daxil olan, həmçinin elm və təhsildə fərqlənən tələbələrə AMEA prezidentinin xüsusi təqaüdünun veriləcəyini bildirib: “Bu tələbələrin elm və təhsilə olan marağını artırmaqla yanaşı, həm də onların sosial durumunu daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Artıq AMEA-nın yataqxanası magistrantların sosial şəraitinin yaxşılaşdırılması üçün öz imkanlarını səfərbər edib. Bu da o deməkdir ki, bizim magistrantlarımız bizim tələbəmiz olmaqla yanaşı, həm də bizim əməkdaşımız və sakinimizdir. Bu tendensiya davam etdiriləcək və növbəti mərhələdə innovativ dissertasiya mövzularını dəstəkləmək üçün “tələbə qrantı”nın da elan edilməsi nəzərdə tutulur”.

 

Çıxışının sonunda akademik tədrisə cəlb olunmuş elmi rəhbərlərə və müəllimlərə müraciət edərək akademiyaya layiqli kadrların yetişdirilməsi üçün əllərindən gələni əsirgəməməyi tövsiyə edib.

 

Sonra AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Akademiyada 2019/2020-ci tədris ili üçün AMEA-nın magistraturasına qəbulun nəticələrini nəzərə çatdırıb: “AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur. İlk dəfə olaraq AMEA ödənişli magistr hazırlığına bu ildən start verdi. AMEA-nın magistraturasına bu il 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 tələbə qəbul olunub”.

 

Daha sonra ən yüksək bal toplamış AMEA Riyaziyyat və  Mexanika İnstitutunun I kurs magistrantı Xalidə Əliyeva, habelə Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Xəyal Əsgərli, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı Firuzə Rzayeva və Geologiya və Geofizika İnstitutunun məzunu Yusif Əliyev çıxış ediblər.

 

Tədbirdə AMEA-nın magistrantlarına tələbə biletləri təqdim olunub. Eyni zamanda, AMEA-nın magistraturasında nümunəvi və məhsuldar pedaqoji fəaliyyətinə görə fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanov, kimya elmləri doktoru, professor Nizami Zeynalov, biologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev və Aynur Məhərrəmova AMEA prezidentinin mükafatı ilə təltif olunublar.

 

Sonda Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, AMEA Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdirləri - Almaz Tağıyeva, Nizami Mürsəlov və həmin institutun böyük elmi işçisi Məhyəddin İskəndərov, AMEA İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovaya döş nişanları təqdim edilib.