"Nobel həftəliyi"nin proqramı açıqlandı


Ənənəyə uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən  hər il elmin ayrı-ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunur.  Komitənin  rəsmi  www.nobelprize.org saytının məlumatına əsasən,  2019-cu ilin  Nobel mükafatı laureatları oktyabrın ilk günlərində İsveçdə keçiriləcək "Nobel həftəliyi" günlərində elan ediləcək. Hazırda mükafatın komitələri 2019-cu ildə Nobel mükafatı laureatlarının seçilməsi və Alfred Nobelin xatirəsinə iqtisadi elmlər sahəsində Sveyqes Riksbank adına mükafatın seçilməsi üzrə ciddi və müstəqil iş aparırlar.

 

Məlumatda mükafat sahiblərinin adlarının açıqlanacağı günlərin anonsu verilib.    İlk olaraq oktyabrın 7-də  İsveçin Karolinsk İnstitutunda fiziologiya və tibb üzrə Nobel mükafatı sahibinin adı açıqlanacaq. İsveç Kral Akademiyası tərəfindən oktyabrın 8-də fizika,   İsveç Elmlər Akademiyası tərəfindən  oktyabrın 9-da isə kimya üzrə namizədlərin adları elan olunacaq. Oktyabrın 10-da İsveç Akademiyası  ədəbiyyat üzrə ilin laureatı adını açıqlayacaq. 2019-cu il üzrə  Nobel sülh mükafatının sahibi  oktyabrın 11-də məlum olacaq.

 

Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı  oktyabrın 14-də elan olunacaq.
"Nobel həftəliyi" çərçivəsində  2019-cu il Nobel mükafatı laureatları haqqında aktual xəbərlər, Nobel komitələrinin üzvlərinin eksklüziv müsahibələri,   mükafatların elan olunması  haqqında məlumatlar,  yeni laureatlarla  telefon müsahibələri təqdim ediləcək.

 

Hazırda mükafatın fondu 1,12  milyon ABŞ dolları (9 milyon İsveç kronu) təşkil edir.


Xatırladaq ki, mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

 

Oruc MUSTAFAYEV