Canel Nəcəfli: “Bir arzum var: skripkamın sədaları Şuşadan gəlsin!”


İstedad və əməksevərlik insanı zirvəyə aparar deyib aqillər. Bu yol heç də həmişə rahat və uğurlu olmur. Uğura aparan yol insandan məqsədyönlü fəaliyyət, bilik və bacarıq, əmək və istedad tələb edir. Müsahibimiz gənc istedad, musiqi sahəsində uğurlarına görə ötən tədris ilində Nazirlər Kabinetinin qərarı ilə müsabiqədənkənar  Bakı Musiqi Akademiyasının tələbəsi adını qazanan, həm də Çexiya Konservatoriyasında əyani təhsil alan Canel Nəcəflidir. Onun beynəlxalq musiqi müsabiqələrində dünyanın nüfuzlu münsiflərini heyrətləndirən uğur yolu necə başlayıb? Onda musiqiyə sevgi necə yaranıb?  Özü bu barədə danışacaq:

 

- Musiqi, ən əsası genetik vətənim Şuşa olduğu üçün yəqin mənə çox yaxın və əzizdir. Ümumiyyətlə, ailəmizdə hər kəsin musiqiyə böyük həvəsi, marağı vardır. Rəhmətlik babam Tofiq Abdullayev qarmon ustadı olub, Əminə  Dilbazinin triosunda işləyib, vaxtilə Kremldə, “Neft daşları” dekadasında çıxışlar edib. 3 yaşımdan etibarən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin yazdığı və Müslüm Maqomayevin ifasında “Sevgili canan”, “Sənsiz” kimi romanslarını, gözəl bəstəkar Asəf Zeynallının, çox ecazkar səsə malik Bülbülün ifasında “Ölkəm” romansını və sair bu kimi zövqlü ifaları dinləyir, onları çox sevirdim, hətta gəlinciklərimlə bu musiqilərin sədaları altında rəqs də edirdim. 8-9 yaşlarımda Sevil xanım Əliyevanın “Ana” mahnısını anamın ad günündə ifa etmişdim. Mənim 2,5 yaşım var idi, anam mənə nə oyuncağı almağını soruşmuşdu, mən demişdim, “mama, mənə şirikpa al” (o zaman skripka sözünü tam deyə bilmirdim) və anam da aldı. Sözsüz ki, bu, oyuncaq idi, amma illər keçdikdən sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə gedəndə heç kəs gözləmirdi ki, mən skripkanı seçəcəyəm. Ailəmiz düşünürdü ki, pianoçu olaram, lakin mən skripkanı seçdim və gördüyünüz kimi bu günədək alətimi sevir, ona bağlı və sadiq qalmışam.

 

“Oqtay Zülfüqarov 4 yaşıma mahnı yazmışdı”

 

- Musiqiçi kimi yetişməyinizdə  kimlərin dəstəyini  qeyd edərdiniz?

- 2004-cü ilin sentyabrından nənəm Solmaz xanım məni uşaqların dostu, mərhum bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun yaratdığı “Aysel” teatrına yazdırdı və mütəmadi olaraq ora aparırdı. Orada biz müxtəlif səhnəciklər oynayır, çoxlu uşaq mahnıları ifa edirdik. Hətta Oqtay müəllim 4 yaşımda ad günümə “Caneldir adım” mahnısını da yazmışdı. 5 yaşımda Konservatoriyanın nəzdində İrina Nəcəfəliyevanın piano dərslərinə yazıldım. Qısa bir zamanda maraqlı əsərlər ifa etməyi öyrəndim. İrina xanım məni anama, nənəmə çox tərifləyirdi. Lakin məktəbdə skripka aləti üzrə ifaçılığa başladım. Skripka üzrə ilk müəllimlərim Əməkdar müəllim İlhamə Ağayeva, Cəmilə Əskərzadə olub, hazırda isə Əməkdar müəllim, professor Fatimə İdyatulinadır. III-VI  siniflərdə mərhum bəstəkarımız Arif Məlikovun tələbəsi olan  Ayaz Qəmbərlinin  bəstəkarlıq sinfinə qatıldım. Bəstələdiyim 4 əsər vardır. 2012-ci ildə Bülbül adına məktəbin təşkil etdiyi və şəxsən Arif müəllimin də iştirakçısı olduğu konsertdə öz əsərimlə çıxış etdim. Vaxt məhdudiyyəti olduğu üçün bəstəkarlıqla bir müddətdir məşğul olmuram.  III  sinfin sonlarından V sinfədək sevimli dirijorumuz,  məktəbimizin direktoru, Xalq artisti Teymur Göyçayevin “Tutti” Dövlət Uşaq Orkestrində və V sinfin axırlarından ötən ilə kimi Dövlət Gənclər Orkestrinin üzvü, I skripkaçıların konsertmeystri oldum.  Musiqi fənləri olan solfecio və harmoniya dərslərini mənə sevdirdiklərinə görə Gülnarə xanıma və bütün məktəbin sevimlisi olan Kəmalə xanıma, piano müəllimim Nəzirə xanıma minnətdarlığımı bildirirəm.

 

Musiqiçi kimi yetişməyimə görə müəllimlərimdən, gözəl musiqi təhsili aldığım Bülbül məktəbindən savayı anama, nənəmə minnətdaram.

 

- Siz bir çox musiqi festivallarında iştirak etmisiniz? Hansı müsabiqə sizin üçün daha yaddaqalan  olub?

- 2015-ci ildə ilk  dəfə Polşada  “Karavan kulturı” festival-müsabiqəsində  iştirak etdim və  I yeri qazandım.  Məhz ondan sonra məndə özünəinam, səhnədən qorxmamaq və sair bu kimi hisslər yaranmağa başladı. Festivalın açılışında iştirakçıların cəmi 2 ifası seçilmişdi, onlardan biri mənim ifa etdiyim Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Gözəlliklə vida səhnəsi” əsəri oldu. 2016-cı ildə “Rodniki duşi” adlı Respublika festival-müsabiqəsində I yeri tutdum. Həmin il  (Moskva dostları qarşılayır) Spivakov festivalına skripkaçılar arasında sənəd  və ifasını yollayanlardan yeganə məni seçdilər və orada iştirak etdim. Çıxışım Kolomenski adlanan qədim qoruq-muzeydə oldu və alqışlarla qarşılandı. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu gözəl gül dəstəsi yollamışdı.  Daha sonra Gürcüstanla Azərbaycanın birgə keçirdikləri Beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldüm. 2017-ci ilin martında “Testene de Art” adlı müsabiqə mənə daha bir birincilik qazandırdı. Ən həyəcanlı, mötəbər, yaddaqalan müsabiqələrdən isə 2018-ci ilin 28 mart -2 aprel  tarixlərində Brüsseldə keçirilən  “Grumiaux”  (keçmiş adı “Bravo”) Skripkaçıların XI Beynəlxalq müsabiqəsi və aprelin 6-da  ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilmiş III Respublika müsabiqəsi oldu. Belçikada əldə etdiyim diplom mənə Bakı Musiqi Akademiyasında müsabiqədənkənar təhsil almaq hüququ verdi. Bu məni, ailəmizi, bizi həqiqətən sevənləri çox sevindirdi.

 

“Fəxr edirəm ki, laureatlar yetişdirən müəllimim vardır”

 

- Sizə uğur qazandıran “Grumiaux”  müsabiqəsi barədə danışardınız...

- Əlbəttə, qərib bir yerdə təşkil olunan çox həyəcanlı bir müsabiqədə keçirdiklərim haqda təəssüratlarımı bölüşmək istərdim. X sinifdə oxuyarkən, “Grumiaux”  Beynəlxaq müsabiqəsində iştirak etməyi qərarlaşdıq. Sevimli müəllimim, professor Fatimə İdyatulina ilə məsləhətləşdikdən sonra bir neçə ay ərzində tələb olunan proqram üzrə işə başladıq. Əslində bu cür müsabiqədə yer almağa yox, hətta finala keçməyə ümidim yox idi, belə ki, son illər bu müsabiqəyə dünyanın dörd bir yanından, Avropadan, ABŞ-dan, hətta Yaponiyadan çox güclü, virtuoz skripka ifaçıları qatılırlar. Mən birinci turda çıxış etdim və münsiflərin müzakirəsindən sonra adımın çəkildiyini eşitdikdə  sevincimizin hədd-hüdudu olmadı. İlk olaraq müəllimim Fatimə xanıma və nənəm Solmaz xanıma zəng vurub sevincimi  bölüşdüm. Mənim qrupumda 17 nəfər iştirak edirdi, finala çıxmaq artıq qələbə demək idi. 2 gün sonra mən finalda çıxış etməli idim. Filip adlı piano müşayiətçim var idi. Əllərim həyəcandan əsdiyindən və çox soyuq olduğundan, əlcəklərini mənə verdi və rahat olmağı, artıq qalib olduğumu dedi və yer tutmaq barədə yox, yalnız duyğulu, gözəl ifa barədə düşünməyimi tövsiyə etdi. Anam da məni digər tərəfdən dəstəkləyirdi, mənə inandığını və nəticənin necə olacağını düşünməməyimi, ürəklə, sanki özün üçün çıxış edirsən, sən artıq qalibsən, bu cür auditoriya qarşısında çıxış etmək özü artıq qələbə deməkdi deyərək duaları ilə məni səhnəyə yola saldı. Mən Vyetanın konsertini ifa etdim. Məndən sonra daha 2 iştirakçı qalmışdı. Həmin gözləmə anları sanki illər kimi hiss edilirdi. Nəhayət, münsiflər müzakirəyə gedəndə, anama dedim ki, bu yapon qızın və digərlərinin qarşısında çətin ki, mənə yer verərlər. Anam məni qucaqladı və mənə inandığını dedi. Qaliblərin içərisində mənim də adım çəkiləndə anamla qucaqlaşıb çox kövrəldik. Sevincimizdən danışa da bilmədik, amma müəllimimə dərhal xəbər verməli idik. Anam birtəhər özünü toparladı, həm müəllimim, həm də nənəmlə telefonda danışdı. Onlar Azərbaycanda, biz isə Belçikada bu sevinci yaşadıq. Allahımdan çox razıyam. Fəxr edirəm ki, ətrafımda anam, nənəm kimi dəstəkçilərim və Fatimə xanım kimi gözəl, istedadlı, işində canını qoyan, laureatlar yetişdirən müəllimim vardır.

 

“Dörd ölkədən təhsil almağa dəvət aldım”

 

- Hazırda Çexiya Konservatoriyasında təhsil alırsınız. Buna necə nail oldunuz?

- Belçikadakı çıxışımdan sonra “Grumiaux” müsabiqəsinin münsiflər heyətindən dördü məni öz ölkəsinə oxumağa təklif və dəvət etdi. Mən həm bir ifaçı, həm də müəllim kimi çox istedadlı skripkaçı olan Konservatoriyanın professoru Roman Fedçuku və Çexiya Konservatoriyasını seçdim. Bu ilin yanvar ayında qəbul imtahanında iştirak etdim və 25 baldan 25 bal yığdım, qəbulda iştirak edən 24 nəfərin içərisində ilk beşlikdə idim. Ana vətənim Azərbaycanı hədsiz sevdiyim üçün, onu tam tərk etmək istəmədim və Bakı Musiqi Akademiyasının İfaçılıq üzrə qiyabi təhsilini seçdim. BMA-ya müsabiqədənkənar qəbul olundum. Hazırda Çexiya Konservatoriyasının əyani və BMA-nın qiyabi təhsili üzrə 1-ci kurs tələbəsiyəm.

 

“Möcüzələrə inanıram”

 

-  Gənc musiqiçi kimi hansı plan və arzularınız var?

- Ümid edirəm ki, dinləyici auditoriyam daha da artacaq və Azərbaycanın bayrağını təkcə Polşada, Belçikada, Çexiyada deyil, digər ölkələrdə də qaldıracağam. Bir arzum var: skripkamın sədaları genetik vətənim Şuşadan gəlsin! Şuşanı görməsəm də, oranı çox sevirəm və ümid edirəm ki, çox keçmədən, arzularım reallaşar. Bu, bütün Azərbaycanın və Azərbaycansevərlərin başlıca arzusudur. 

 

Azərbaycanda istedadlı gənclərə yaradılan imkan və şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun simasında dövlətimizin diqqət və qayğısını hər zaman hiss edirik. Bu gün Azərbaycan mədəniyyətinin qazandığı uğurlar birinci xanım Mehriban Əliyevanın adı ilə bağlıdır. Biz gənclər məhz əldə etdiyimiz nailiyyət və uğurlarda Mehriban xanımın da payı olduğunu etiraf edirik.

 

Gələcəkdə tanınmış skripka ifaçısı olmaq, Vyananın möhtəşəm zalında Vyana Ştraus orkestrinin müşayiəti ilə ifalar etmək... Əlçatmaz görünsə də, bu, mənim arzum, hədəfimdir.

 

Möcüzələrə inanıram, çünki hədəflərimə ciddi yanaşıb, inamla çalışıram.

 

Beynəlxalq münsiflər azərbaycanlı tələbə haqqında

 

Muhammedjan Turdiyev (Türkiyə) “Grumiaux” müsabiqəsinin  münsifi:

 

- “Grumiaux” yarışmasında Canelin ifası hamımıza çox gözəl təəssürat bağışladı. Onun aydın musiqi və skripka qabiliyyəti var. Perspektiv görünür və ümid edirəm ki, yaxın gələcəkdə özünü musiqi dünyasında tanıdacaq.

 

Roman Fedçuk (Çexiya) Canelin indiki əcnəbi müəllimi:

 

- Canellə ilk tanışlığımız Brüsseldəki “Grumiaux” müsabiqəsində oldu. Canel çox kövrək bir qız kimi görünürdü və ifası belə gözlənilməz, tam temperamentli, dəqiq, lakin zəngin idi. Məqsədyönlü, lakin çox böyük perspektivə malik valehedici ifa. Bu il Caneli öz sinfimdə salamlamaq mənə çox xoş oldu, qarşıda bizi maraqlı və məhsuldar işlər gözləyir və gələcəyə böyük ümid və sevinclə baxıram. Canelin isə mütləq parlaq və uğurlu gələcəyi var. Gələcəkdə onu təkcə gözəl bir skripkaçı deyil, eyni zamanda gözəl musiqiçi kimi görürəm və bunu ürəkdən arzulayıram.

 

İqor Tkaçuk (Belçika) “Grumiaux” müsabiqəsinin münsiflər heyətinin sədri:

 

-Düşünürəm ki, Canel kimi tələbələr üçün yaxşı müəllim olmaq çətin deyil. Onun məqsədyönlülüyü, əziyyəti və çalışqanlığı skripka ifasında istədiyi nəticəni asanlıqla əldə etməyə kömək edir. Heç kimə sirr deyil ki, musiqi alətində ifa edən şəxs özünün duyğu və emosional hisslərini ifadə edir. Canelə gəldikdə, bu hisslərin dərinliyi və səmimiliyi dinləyiciləri cəlb edir və bir sənətçi kimi ona inanmağa məcbur edir. Bununla yanaşı, o, skripkaçı üçün ən vacib keyfiyyətlərdən olan səsin gözəlliyini hiss etmək qabiliyyətinə malikdir. Və bu rəngarəng palitra onun ifasını daha da rəngarəng və maraqlı edir. Sözlərimin təsdiqi, münsiflər heyətində olduğum Beynəlxalq “Grumiaux”  Skripka müsabiqəsində əminliklə əldə etdiyi mükafatdır.

 

Nazim Azadoğlu (Türkiyə) Azad Əliyev adına I Beynəlxalq Violinçilər Müsabiqəsinin Münsiflər Heyətinin üzvü:

 

- Azad Əliyev adına 1-ci Beynəlxalq Violinçilər Müsabiqəsində doğma Bülbül  adına məktəbin şagirdlərinin bir ulduz kimi parladıqlarını görmək şəxsən mənə böyük bir hədiyyə oldu. Xüsusilə onlardan biri - gənc Canel Nəcəfli mənim yaddaşıma həkk olundu. Canel  17 yaşı olmasına baxmayaraq, özünə xas interpretasiyası ilə  bizləri heyrətləndirdi,  öz yaş qrupunda laureat adına layiq görüldü.  Musiqi ənənələri ilə zəngin respublikamızda yeni istedadlar kəşf etmək və yeni adların yüksəlişini görmək məni bir musiqiçi kimi hər zaman sevindirib. Fədakar əməyinə görə Canelin müəllimi Fatimə İdyatulinaya öz dərin minnətdarlığımı bildirirəm.  Canelə də qələbələrinin və yaradıcılıq müvəffəqiyyətlərinin davamını arzulayıram. Qoy belə ulduzlardan musiqi səmalarında daha çox olsun!

 

Fabio Lamborghini,  İtaliyadan olan münsif:

 

- Canel Nəcəfli ilə  Bakıda “Testene Art” musiqi yarışmasında tanış oldum. Onun çox yüksək səviyyədə məharətli ifa etdiyi musiqi çıxışlarını hamımız yüksək dəyərləndirdik və onun parlaq bir musiqi gələcəyi üçün potensialının olmasını düşünürük. Müsabiqədə 15 yaşlı  Canelin kubokunu və medalını şəxsən ona təqdim etmişəm. Ən qısa zamanda mükəmməl və maraqlı çıxışlarını bir daha görməyə ümid edirəm.

 

Oruc MUSTAFAYEV