Uşaqların bilik, bacarıq və vərdişlərinin səviyyəsi dəyərləndirmə yolu ilə aparılacaq


Məktəbəqədər təhsil təhsilin ilk və vacib pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə və həyati bacarıqlara yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, məktəb təliminə hazırlığını, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.  

 

Məktəbəqədər təhsil müasir dünyada insanı bir şəxsiyyət kimi formalaşdıran bünövrədir. Bu mərhələdə uşağın əldə etdiyi bilik və bacarıqlar gələcəkdə onun təhsilinə münasibətini və potensialını şərtləndirir.

 

Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən əhəmiyyətli dərəcədə asılıdır. Məktəbəqədər yaş uşağın fəal sosiallaşması, mədəni vərdişləri mənimsəməsi, mədəni və estetik hisslərin oyanması dövrüdür.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müntəzəm diqqət və qayğısı sayəsində və imzaladığı sərəncamların nəticəsi olaraq, məktəbəqədər təhsil sistemində əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsi, məktəbəqədər təhsili həyata keçirən müəssisələrin müasir tələblərə cavab verən infrastrukturunun yaradılması istiqamətində görülən genişmiqyaslı tədbirlər bu təhsil pilləsinin inkişafının dövlət səviyyəsində prioritetliyinin real təzahürüdür.

 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standartının hazırlanması strateji hədəflərdən biri kimi qarşıya qoyulmuşdur.

 

“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.2-ci və 5.2-ci maddələrinə əsasən, “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.08.2019-cu il tarixli 351 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti Dövlət Standartına uyğun təşkil edilməlidir.

 

“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan məktəbəqədər təhsilin məzmununu, idarəolunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilalanlar və təhsilverənlərin keyfiyyət göstəriciləri ilə bağlı tələbləri özündə əks etdirən normalar məcmusudur.

 

Məktəbəqədər təhsilin dövlət standartı məktəbəqədər təhsil sahəsində vahidliyi, təhsil proqramları və  təhsil pillələri arasındakı varisliyi təmin edir.

 

Hər bir standart hər yaş qrupuna uyğun olaraq alt-standartlarla müəyyən edilir. Alt-standartları aşağıdakı kimi səciyyələndirmək olar:

 

- alt-standartlarda ümumi məzmun konkret məzmuna bölünür;

- alt-standartlar təlim məqsədlərinin müəyyən olunması üçün zəmin olan komponentləri əks etdirir;

- yaş qrupları artdıqca alt-standartlar dəyişir.

 

Alt-standartların yaş qrupları üzrə sadədən mürəkkəbə doğru dəyişməsi uşaqların inkişafının düzgün getməsinə, eyni zamanda uşaqların inkişafının izlənilməsi və dəyərləndirilməsi üçün imkan yaradır.

 

Hər yaş qrupu üçün standart təlim nəticəsi kimi ifadə olunur və hər yaşın sonunda həmin nəticələrə nail olunmalıdır. Hər bir yaş dövrünün təlim nəticələri inkişaf sahələri üzrə təqdim edilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2010-cu il tarixli 137 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”nda  5 inkişaf sahəsi qeyd edilmiş, inkişaf sahələri üzrə təlim nəticələri ümumi verilmiş, yəni hər yaş qrupuna uyğun müəyyənləşməmişdir. Yeni təsdiq olunmuş Dövlət Standartında inkişaf sahələrinin sayı 4-dür və burada 1 yaşdan 6 yaşadək hər inkişaf sahəsi üzrə təlim nəticələri öz əksini tapmışdır.

 

Əvvəlki standartda uşaqların bilik, bacarıq və vərdişlərinin səviyyəsi qiymətləndirmə, yeni sənəddə isə dəyərləndirmə yolu ilə aparılacaq.

 

Əvvəlki sənəddə məktəbəqədər təhsilin dövlət standartının müəyyənləşdirilməsində nəticəyönümlülük, şəxsiyyətyönümlülük, inteqrativlik prinsipləri, yeni sənəddə isə eyni zamanda, uşaqyönümlülük, inkişafyönümlülük, tələbyönümlülük, varislik, azərbaycançılıq və dünyəvilik didaktik prinsipləri əsas hesab olunur. Əvvəlki standartdan fərqli olaraq, məktəbəqədər təhsilin idarə olunmasında inkişafın monitorinqi, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsipləri əsas götürülmüşdür.

 

Yeni sənəddə məktəbəqədər təhsilin məzmunu uşaqlarda aşağıdakı keyfiyyətlərin ilkin səviyyədə formalaşmasının təmin olunmasına yönəldilir:

 

- cəmiyyətə sosial uyğunlaşma;

- birgəfəaliyyət və ünsiyyət mədəniyyəti;

- müstəqillik, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam, iradi xüsusiyyətlər;

- müstəqil öyrənmə və sərbəst qərar qəbuletmə meylinin təşəkkülü;

- ətraf aləmin dərk olunması, təbiətə və insanlara həssas münasibət;

- bədii-estetik və yaradıcı dünyagörüşü;

- sağlamlığın qorunması istiqamətində gigiyenik bacarıqlar;

- özünün və digərlərinin hüquqlarına hörmət hissi.

 

Məktəbəqədər təhsilin davamı olaraq ibtidai təhsil vahid sistemdə birləşdirilib uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazırlığının əsasını qoyur. Ümumi təhsil müəssisələrində təşkil olunan məktəbəhazırlıq qruplarında işləyən müəllimlər Məktəbəqədər təhsilin dövlət standartında məktəbəhazırlıq təliminə qoyulan tələbləri nəzərə almalıdırlar. Məktəbəqədər təhsildən ibtidai təhsilə keçid zamanı varislik və fasiləsizlik prinsipi təmin olunmalıdır.

 

Məktəbəqədər təhsilin dövlət standartı əsasında Məktəbəqədər təhsilin kurikulumu hazırlanmışdır. Kurikulum təlim nəticələri və inkişaf sahələri üzrə məzmun standartlarının pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir.

 

Məktəbəqədər təhsilin kurikulumunun məzmunu dövlət standartında müəyyənləşdirilmiş aşağıdakı inkişaf sahələrini əhatə edir:

 

- fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik;

- idraki inkişaf;

- estetik və yaradıcı inkişaf;

- sosial-emosional inkişaf.

 

Məktəbəqədər təhsilin kurikulumunun məzmunu yalnız konkret inkişaf sahələri üzrə deyil, eyni zamanda uşaqların meyil və maraqları, fərdi xüsusiyyətləri, inkişaf xüsusiyyətləri nəzərə alınaraq, inteqrativ şəkildə müəyyən edilir.

 

Kurikulumda məktəbəqədər yaşlı uşaqların ilkin həyati bacarıq və vərdişlərə yiyələnməsi tələb olunur, onlara gələcək həyat fəaliyyətində lazım olacaq bacarıq və vərdişlərin, qabiliyyətlərin aşılanması ön plana çəkilir. Onların bir şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Kurikulumda uşaq fəaliyyətinin təmin olunması və bacarıqların formalaşması onun bir subyekt kimi inkişaf etməsi üçün müvafiq təhsil şəraitinin yaradılması nəzərdə tutulur.  

 

Məktəbəqədər təhsilin kurikulumundan irəli gələn tələblər nəzərə alınmaqla, məktəbəqədər təhsil müəssisələrində işləyən pedaqoji işçilər üçün təlimlər təşkil ediləcək, metodik tövsiyələr və uşaqlar üçün təlim vəsaitləri hazırlanacaqdır.

 

Məktəbəqədər təhsilin dövlət standartı ölkədə bütün uşaqlara keyfiyyətli məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi və məktəbəqədər təhsil sahəsində mövcud problemlərin həlli istiqamətində mühüm töhfələr verəcək.

 

Nərminə ALNAĞIYEVA,

Təhsil Nazirliyi Ümumi və məktəbəqədər təhsil şöbəsinin Məktəbəqədər təhsil sektorunun müdiri