“Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına cavab olaraq onu yalan adlandırması və Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu vurğulaması cəsarətli, beynəlxalq hüququn normalarına əsaslanan çıxış idi. Milli maraqlara cavab verən bu bəyanat işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı cavab idi. “Qarabağ Azərbaycandır və nida” cavabı qarşı tərəfi kəsərli qılınc kimi kəsərək onların məkrli niyyət və planlarını puç etdi. Prezidentin bu məntiqli bəyanatı bütün dünyaya bir mesajdır”.

 

Bu fikirlər  Gəncə Dövlət Universitetində keçirilən tədbirdə səslənib.

 

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  bildirib ki, əsassız ittiham, yalan uydurmaq, böhtan danışmaq Ermənistan siyasətçiləri üçün davranış normasıdır:”Ermənistan tərəfi reallıqla barışmalı, Azərbaycanın işğal altındakı torpaqlarını tərk etməlidir. Əks təqdirdə, Soçi zərbəsinin başqa variantları ilə qarşılaşmalı olacaq”.

 

Elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə Prezident İlham Əliyevin Soçidə verdiyi mühüm mesajları xatırladaraq, dövlət başçısının bütün beynəlxalq tribunalardan hər zaman Azərbaycanın gələcək strateji hədəflərini bəyan etməsi, milli maraqlarımızı qətiyyətlə qorumasını qürurverici hal adlandırıb.     

 

Tarix-coğrafiya kafedrasının müəllimləri, tələbələr də Prezidentin  Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı, ölkəmizin ayrılmaz hissəsi olması ilə bağlı həqiqətləri beynəlxalq müstəvilərdə səsləndirməkdə ardıcıl olmasını yüksək qiymətləndiriblər. 

 

Universitet tələbələri Ermənistan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktların beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün səfərbər olacaqlarını deyiblər.