Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin həmyaşıdı olan Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın ictimai-siyasi həyatında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

BDU-nun rektoru Elçin Babayev fakültənin yaranma tarixi və inkişaf mərhələlərindən, onun Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan bəhs edib.  Konfransı BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı adlandırıb.

 

Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri,  AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Tarixi tədqiqatlarda dövlətçilik ideologiyası” mövzusunda məruzəsini təqdim edib.

 

Konfrans işini “Azərbaycan xalqının milli sərvəti – Bakı Dövlət Universiteti”,  “100 yaşlı Tarix fakültəsi”, “Tarixi araşdırmalar”, “Bakı Dövlət Universitetində yüksək ixtisaslı kadr hazırlığı”, “BDU və Tarix fakültəsi tələbələrin gözü ilə” adlı bölmələrdə davam etdirib.

 

Konfransa respublikanın müxtəlif ali təhsil və elmi müəssisələrindən, o cümlədən Türkiyə Cümhuriyyəti və Ukraynadan çoxsaylı tezislər daxil olub.