Təhsil işçilərinə verilən dəyər onları gələcək işlərinə daha da ruhlandırır


Dövlətimizin diqqət və qayğısını daim öz üzərlərində hiss edən təhsil işçiləri hər il olduğu kimi, bu il də 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində sevinc dolu anlar yaşadı. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə bir sıra təhsil işçiləri “Əməkdar müəllim” fəxri adına və  “Tərəqqi” medalına layiq görüldü. Son illər Təhsil Nazirliyi tərəfindən aparılan genişmiqyaslı təhsil islahatları, həyata keçirilən layihələr, yaradılan sağlam pedaqoji mühit  müəllimlərin peşəkarlıq səviyyəsinin artmasına səbəb olub. Biz də fürsətdən istifadə edib təltif olunan təhsil işçilərinin təəssüratlarını öyrəndik.

 

“Bu ad böyük bir məsuliyyətdir”

 

 

Sevinc Məmmədova, Bərdə şəhər 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, “Əməkdar müəllim”: - Əmək fəalliyətimə 1995-ci ildə Ə.Qasımov adına Bərdə rayon Qayalı kənd tam orta məktəbində başlamışam.  2009-cu ildən isə Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyirəm. Son illərdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də aparılan geniş islahatları alqışlayıram.  Təqdirəlayiq haldır ki, Təhsil Nazirliyinin həyata keçirdiyi bir çox müsabiqə və yarışlar canlı ünsiyyət olmadan onlayn həyata keçirilir. Düşünürəm ki, müasir müəllim tək sinif otaqlarında dərs deməklə kifayətlənməməli, öz savad və dünyagörüşünü daim artırmalı, bizə yaradılan işgüzar mühitdən istifadə etməlidir.

 

 

Mən də bu mühitdən istifadə edərək bir sıra layihələr və müsabiqələrdə fəal iştirak edirəm. 2017-ci ildə Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsinə qoşulub “Təbiətimizi tanıyaq, sevək və qoruyaq” adlı layihə ilə qalib olmuşam. 2018-ci ildə isə Respublika “Pedaqoji mühazirələr”inin nəticələrinə görə II dərəcəli diplomla təltif olunmuşam. Pedaqoji fəaliyyətimdə qarşıma qoyduğum əsas məqsəd savadlı olmaqla bərabər, geniş elmi dünyagörüşünə malik vətəndaşlar yetişdirməkdir.

 

Əməkdar müəllim adı Azərbaycan müəlliminin əməyinə verilən ən yüksək qiymətdir. Bu ad, həmçinin böyük bir məsuliyyətdir. Sonrakı fəaliyyətimdə də bu adı şərəflə daşımağa və özümü daha da inkişaf etdirməyə çalışacağam. Bu adı almaq çox qürurverici bir hissdir. Bu ad mənim timsalımda öz müəllimlik   peşəsini sevə-sevə yerinə yetirən hər bir müəllimin zəhmətinə verilən qiymətdir.

 

İlk dəfə məktəbimizin direktoru Qənbər Ağayevdən fəxri ad almağımla bağlı xəbəri eşidəndə keçirdiyim sevinc hissi sözlə ifadə oluna bilməz. Elə öz Facebook səhifəmdə bununla bağlı ilk paylaşmam da belə oldu. Bu sevinc və qürur hissini mənə yaşatdığına görə Prezidentimiz cənab İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm.

 

 

“Yüksək etimadın arxasında böyük məsuliyyət durur”

 

 

Günel Kazımova, Füzuli rayon 50 nömrəli tam orta məktəbin direktoru, “Tərəqqi” medallı: - Deyirlər insanın əməyinə yüksək qiymət verildikdə onun yaşamaq, işləmək həvəsi daha da artır. Bu, doğrudan da belədir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüyümü eşidəndə çox sevindim. Bu sevinci mənə yaşatdığına görə ölkə başçısına xüsusi minnətdarlığımı bildirirəm. Bu təltif düşünürəm ki, təkcə mənə deyil, eyni zamanda məktəbimizə verilən böyük qiymətdir. Yüksək etimadin arxasında böyük məsuliyyət durur. Biz də bu etimadı layiqincə dogrultmaq üçün əlimizdən gələni edəcəyik.

 

 

2011-ci ildən Füzuli rayon 50 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıram. Rəhbərlik etdiyim məktəb Qaradağ rayonu ərazisində Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən massivdə yerləşir. Məktəbimizin kollektivi təhsil islahatlarında yaxından iştirak edir. Son illərdə pedaqoji kollektivimizin gərgin əməyi nəticəsində məktəbimiz xeyli uğurlara imza atıb. Təsadüfi deyil, məktəbimiz 2017 və 2019-cu illərdə Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrin qalibi olub. Bundan başqa, 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən keçirilən digər bir layihədə- “Pedaqoji mühazirələr”də də iştirak etmişəm və I yerin qalibi olmuşam. 2018-2019-cu ildə məktəbimiz daha bir uğura imza atıb. Belə ki, təhsil ocağımız  Böyük Britaniya hökuməti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində ingilis dili resurs mərkəz kimi seçilib.   İstər IX, istərsə də XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında şagirdlərimiz yüksək nəticələr əldə edib. Məzunlarımız qəbul imtahanlarında da məktəbimizin adını şərəflə daşıyır. Məqsədimiz ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirməkdir. 

 

“Uğurlarımı birinci şagirdlərimlə bölüşürəm”

 

Sevinc Məhərrəmova, Bakıdakı Ankara liseyinin ibtidai sinif müəllimi, “Tərəqqi” medallı: - Hələ pedaqoji universitetdə oxuyanda qarşıma məqsəd qoydum ki, fərqli müəllim olacağam. Hər gün gəlib bir neçə saat məktəbdə keçirib evə qayıtmaqla müəllimlik mənə maraqlı gələ bilməzdi.  O vaxtdan qərara aldım ki, dərsi elə qurum ki, dərslərim şagirdlər üçün maraqlı olsun.  Pedaqoji fəaliyyətim dövründə özümə məxsus metodika ilə dərs deyirəm. Zənn edirəm ki, bu fərqli metodika ilə keçdiyim dərslər sevilir.

 

Mənim üçün xoş bir haldır ki, mənim zəhmətim dövlət tərəfindən yüksək qiymətləndirilib və “Tərəqqi” medalına layiq görülmüşəm. Bu, ikiqat məsuliyyətdir. Biz müəllimlərə diqqət göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.

 

Təltif olunmağımla bağlı xəbəri eşidəndə çox təsirləndim. Pedaqoji fəaliyyətim, şagirdlərim kino lenti kimi gözümün qabağından gəldi keçdi. Mən həmişə uğurlarımı birinci öz şagirdlərimlə bölüşmüşəm. İbtidai sinifdə sagirdlə müəllim arasında yaranan əlaqə bir doğmalıq daşıyır. Şagirdlərim ibtidai sinfi bitirdikdən sonra da  onlarla tez-tez görüşürəm. Düşünürəm ki, mənə verilən ad tək mənim yox, mənimlə bərabər yüzlərlə şagirdimin də sevincinə səbəb olub.

 

“Təbrik edirik, sizə Prezidentimiz “Əməkdar müəllim” fəxri adını verib”

 

Jalə Seyfullayeva, Masallı rayonu Şərəfə kənd tam orta məktəbinin riyaziyyat müəllimi, “Əməkdar müəllim”: - 1985-ci ildə BDU-nu riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası üzrə bitirib öz doğma məktəbimizə təyinat aldım. O vaxtdan bu günə kimi Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyirəm. Öz peşəmin vurğunuyam, bütün fəaliyyətim boyu yeniliklər axtarıram. Dərs dediyim yüzlərlə şagird ali təhsil alıb müxtəlif sahələrdə çalışırlar. Yetirmələrimlə həmişə fəxr edirəm. Bütün müəllimlər kimi, yetirmələrimin uğurları mənə yeni güc verir, məni daha yüksək şövqlə, enerji ilə işləməyə ruhlandırır. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” söyləyən ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, “Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir” deyən Prezidentimiz İlham Əliyev müəllimlərin əməyini həmişə yüksək qiymətləndirir. Sevindirici haldır ki, mənim də əməyim həmişə yüksək qiymətləndirilib. 2016-cı ildə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”, 2017-cı ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam.

 

Bu il oktyabrın 3-də axşamüstü mənə zəng gəldi. Dedilər ki, təbrik edirik, sizə Prezidentimiz “Əməkdar müəllim “ fəxri adını verib. Bu xəbər o qədər təsirli oldu ki, 57 illik həyatım bir göz qırpımında xəyalımdan keçdi. Sonra bütün təsvirlər beynimdən sanki silindi. Mənim üçün müəllimlik peşəsində iki böyük varlıq olan rəhmətlik atam və qardaşım gözlərimin önündə dayandı. Qeyri-ixtiyari pıçıldadım: “Ruhunuz şad olsun”. Axı mənim müəllim kimi yetişməyimdə onların rolu əvəzsiz idi. Artıq təqaüddə olan, mənim üzərimdə sonsuz əməyi olan müəllimlərimlə də şəxsən görüşüb, öz sevincimi onlarla bölüşdüm. Mənə bu gözəl, əvəzolunmaz hissləri yaşatdığına görə bütün varlığımla ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Bu, həm 100 illik yubileyi keçiriləcək məktəbimizə,  həm də Masallı təhsilinə verilən ən ali, ən yüksək qiymətdir.

 

“Bu ad mənim üçün çox əziz və qiymətlidir”

 

 

Arzu Səlimova, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin kamança müəllimi,  “Əməkdar müəllim”: - Hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil işçilərinin böyük bir qrupunun ölkə başçısı tərəfindən fəxri adlarla mükafatlandırılması artıq yaxşı bir ənənə halını alıb. Bu, müəllimlərin əməyinin daim dövlətimizin diqqətində olduğunun ən bariz göstəricisidir. Bu il də xeyli təhsil işçisi mükafatlandırıldı. Mən də “Əməkdar müəllim” adına layiq görüldüm. Bu ad mənim üçün çox əziz və qiymətlidir.

 

1978-ci ildə Azəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun kamança sinfini fərqlənmə diplomu ilə bitirmişəm. Elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum və 1983-cü ildə həmin təhsil müəssisəsini “Kamança” və “Dirijorluq” ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirdim. Pedaqoji fəaliyyətə 1979-cu ildə Asəf Zeynallı adına Musiqi Texnikumunda kamança müəllimi kimi başlamışam. Musiqini və müəllim sənətini çox sevirəm. Bir sıra müsabiqə və yarışların qalibiyəm. Bundan başqa, musiqi ilə bağlı bir neçə dərs vəsaitinin də müəllifiyəm. Eyni zamanda, S.Rüstəmov adına Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərirəm. Yetişdirdiyim tələbələr arasında Əməkdar artistlərdən İsmayıl Həmidov, Rauf İslamov, Toğrul Əsədullayev, Aqib Seyidov kimi ifaçılar və bir çox müsabiqə qalibləri vardır.

 

“Əməkdar müəllim” fəxri adını aldığımı ilk dəfə yaxınlarımdan eşitdim və çox sevindim.  Bu ad təkcə mənə yox, təhsilimizə göstərilən  diqqət və qayğıdır. Təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıya görə  möhtərəm  Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

 

Bu ali mükafat məni daha da əzmlə çalışmağa həvəsləndirəcək

 

 

Zaman Hüseynov, Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin kimya müəllimi, tərbiyə işləri üzrə direktor müavini, “Tərəqqi” medallı: - 1995-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1996-cı ildən hal-hazıra kimi Astara rayonu Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseydə kimya müəllimi və tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıram. Pedaqoji fəaliyyətimdə müxtəlif mükafatlar, fəxri fərmanlar və diplomlarla təltif olunmuşam. Müxtəlif illərdə dərs dediyim şagirdlər qəbul imtahanında kimya və biologiya fənləri üzrə yüksək nəticələr göstərib. Respublika fənn olimpiadalarında da şagirdlərim məktəbimizi uğurla təmsil edir.

 

 

Təltif olunanlar arasında adımı görüncə çox qürurlandım və fərəh duydum. Anladım ki, çəkilən heç bir əziyyət mükafatsız qalmır. Məni bu mükafata layiq gördüyünə görə Prezidentimiz cənab İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Aldığım bu ali mükafat məni daha da əzmlə çalışmağa, qurub-yaratmağa həvəsləndirəcək. Kollektivimizin üzvlərindən, yaxınlarımdan, tanışlarımdan çoxlu təbriklər alıram. Təbii ki, bu, məni sevindirir və qürurlandırır. Eyni zamanda, məsuliyyət hissimi də artırır. Bundan sonra da çalışacağam ki, fəxri ada layiq olum, etimadı doğruldum.

 

Niyazi RƏHİMOV