Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü  hər yerdə  alqışlanır.

 

Azərbaycan Milli Elmlər Akademiyası ( AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifovun sözlərinə görə,  bir gündə 650 min ağacın əkilməsi aksiyası Azərbaycanın ekologiyasına çox müsbət təsir göstərəcək və institutun bütün kollektivi də bu aksiyada iştirak edəcək:”Ağacların oduncaqları karbon qazının birləşmələri nəticəsində formalaşır. 650 min ağacın əkilməsi atmosferdə olan külli miqdarda karbonun o ağacların oduncaqlarında toplanmasına, atmosferin oksigenlə zənginləşməsinə öz təsirini göstərəcək. Ağaclar təbiəti təkcə oksigenlə zənginləşdirmir, onlar həm də toz tutucularıdır. Şəhər mühitində, küləkli yerlərdə ağacların sayının çox olması bu baxımdan da önəmlidir”.

 

Direktor bildirib ki, ağaclar, eyni zamanda, bir çox heyvanların, quşların, həşəratların biotoplarıdır, yəni yaşayış yerləridir. Bu baxımdan kütləvi şəkildə ağac əkilməsi bioloji müxtəlifliyin artırılmasına da müsbət təsir edəcək.

 

Ağacların təbiətdəki rolu,  həm də iqlim tənzimləyiciləri olması ilə bağlıdır:” Araşdırmalar göstərir ki, qızmar havalarda ağac olan ərazilərdə temperatur 5 dərəcə aşağı düşür. Ağacların əkilməsi torpağın rütubətliliyinin qorunmasına imkan verir, torpağın rütubətliliyinin qorunması səhralaşma prosesinin qarşısını alır, nəticədə torpağın biomüxtəlifliyi artır, torpaq məhsuldarlığını uzun müddət saxlaya bilir”.