Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması müzakirə olunub.

 

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir.

 

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş “TRASEKA – Tarixi İpək Yolunun bərpası” beynəlxalq konfransının qərarlarının bu tarixi prosesə ciddi təkan verdiyini deyən akademik onu da qeyd edib ki, ölkəmizdə həyata keçirilən önəmli infrastruktur layihələri, o cümlədən 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması, dövlət başçısının bu ilin aprelində Pekində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı Azərbaycanın İpək Yolunun bərpası layihəsinə xüsusi önəm verməsinin göstəricisidir.

 

İ.Həbibbəyli ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, bu sahədə müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə YUNESCO ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Bildirib ki, hazırda İpək Yolunun bərpası layihəsi ilə bağlı beynəlxalq səviyyədə yaranan yeni reallıqlar və çağırışlar, eyni zamanda dövlət səviyyəsində layihə ilə bağlı fəaliyyətin prioritetliyi bu istiqamətdə araşdırmaların məqsədyönlü koordinasiyası və yeni kompleks tədqiqatların reallaşdırılması zərurətini meydana çıxarıb.

 

AMEA Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb.

 

İpək Yolunun tarixi və mədəni irsinin öyrənilməsi, Azərbaycanın tarixi İpək Yolu üzərində beynəlxalq ticarət əlaqələrinin və onların ölkəmizin siyasi, iqtisadi, mədəni inkişafına təsirinin araşdırılması,  İpək Yolunun keçdiyi ərazilərdə mühüm tarixi və mədəni yazılı abidələrin tədqiqi, tərcüməsi və nəşrinin təşkili, İpək Yolunun tədqiqi və təbliği sahəsində AMEA-nın müxtəlif institutları və kənar təşkilatlarla fənlərarası elmi-araşdırma və tətbiqi xarakterli layihələrin həyata keçirilməsi kimi məsələlər mərkəzin əsas elmi prioritetləri olaraq müəyyən edilib.