Elektron qaydada 53955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib


Son illər təhsil sahəsində baş verən dəyişikliklər,  tətbiq olunan yeniliklər, reallaşdırılan layihələr təhsilin keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılmasına, ümumtəhsil müəssisələrində  əlverişli təlim mühitinin yaradılmasına  müsbət təsirini göstərməkdədir.  Təhsil Nazirliyinin artıq bir neçə ildir ki, təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin tətbiqini  uğurla həyata keçirməsi  isə xüsusilə ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmaqdadır.   

 

Yeni tədris ilindən  bu qurum tərəfindən tətbiqinə başlanılan  daha bir yenilik  sözün yaxşı mənasında, hamının  diqqətini  özünə cəlb etməyi bacarıb. Bu dəfə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım məqsədilə şagirdlərin yerdəyişməsi elektronlaşıb. Belə ki,  Təhsil naziri Ceyhun Bayramovun  imzaladığı “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” müvafiq əmrinə  əsasən 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsinin  ölkə üzrə elektron sistem vasitəsilə həyata keçirilməsinə başlanılıb. Adıçəkilən əmrə uyğun olaraq  “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” 15 avqust 2019-cu il tarixindən istifadəyə verilib. Yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi  www.sy.edu.az portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu 15 sentyabr 2019-cu il tarixindən dayandırılsa da artıq cari ilin   oktyabrın 21-dən   etibarən davam etdiriləcəkdir.

 

Şagirdlərin yerdəyişməsinin elektronlaşdırılmasında başlıca məqsəd...

 

Tətbiq edilən elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq  və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirməkdir. Həmçinin burada vətəndaş  rahatlığının və məmnuniyyətinin   təmin edilməsi də diqqətdə saxlanılan vacib amillərdəndir.

 

Elektron yerdəyişmə necə həyata keçirilir?

 

Qeyd olunduğu kimi, təhsil sahəsində tətbiq edilən növbəti yeni elektron xidmət olan  şagirdlərin elektron yerdəyişmə prosesi bir neçə mərhələdən ibarətdir.  Bunun üçün övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, www.sy.edu.az portalına daxil olub elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir.

 

Sistemdə qeydiyyat  Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod)  kodu tələb olunur.

 

Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim olunur. Müəyyən edilmiş müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir.

 

Valideynləri ən çox maraqlandıran məsələlərdən biri də həmin prosesin  X-XI siniflərdə necə icra olunmasıdır ki, bu da   sistemdə rahat şəkildə həll olunur. Belə ki, X-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinə I-IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.

 

Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə bu zaman yerdəyişmə sorğusuna imtina verilə bilər.

 

İstisna hallar olduqda isə  sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər.

 

Sistem ilboyu fəaliyyət göstərəcək

 

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi sisteminin  komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərilməsi nəzərdə tutulur.

 

Xaricdən gələn, eləcə də xarici ölkəyə gedən şagirdlərlə bağlı məsələlər də həllini tapıb

 

Elektron yerdəyişmədə xaricdən gələn şagirdlərin məktəbə qəbulunda, eləcə də  xarici ölkəyə gedən şagirdlər ilə bağlı məsələlər  də öz həllini tapıb.

 

Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi də  valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Bunun üçün valideyn əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil informasiya” alt sisteminə  daxil olunması  üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir. Xarici ölkəyə gedən şagirdin şəxsi işi isə valideynin (digər qanuni nümayəndənin) sistemdən çap olunmuş ərizəsi əsasında verilir.

 

Lisey siniflərinə yerdəyişmə 

 

Liseylərin və məktəb-liseylərin lisey siniflərinə yerdəyişmə sistemdə həmin siniflər üzrə qeyd olunan tarixdən etibarən həyata keçiriləcək. Qeyd edək ki,  2019-2020-ci tədris ilində liseylərin və məktəb-liseylərin lisey siniflərinə qəbul imtahanlarında artıq iştirak etmiş və qəbul olmuş şagirdlərin yerdəyişməsi valideynin iştirakı olmadan müvafiq təhsili idarəetmə orqanı tərəfindən tənzimlənir.

 

Sonda valideynlər məmnundur

 

Elektron yerdəyişmədə məcburi köçkün məktəbləri üzrə yerdəyişmə ilə bağlı məsələlər də həll edilib.

 

Göründüyü kimi, şagirdlərin yerdəyişməsinin elektronlaşması valideynləri bununla bağlı təhsil müəssisələrinə  bir neçə dəfə gedib-gəlməkdən azad etməklə yanaşı, bu prosesin daha şəffaf  keçirilməsinə xidmət edir.

 

Sonda valideynlər  məmnundur, çünki elektron yerdəyişmə xidmətindən istifadə etməklə onların övladları   çox qısa bir müddətdə  istədiyi təhsil müəssisəsində rahatlıqla təhsilini davam etdirə bilir.

 

Onu da qeyd edək ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin, eləcə də regionlardakı təhsil müəssisələrinin  şagirdlərinin yerdəyişməsi məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə  paytaxtın bütün rayonlarında, eləcə də respublikanın bölgələrində Alternativ Qeydiyyat mərkəzləri də fəaliyyət göstərir.

 

54830 müraciət

 

Təhsil Nazirliyindən verilən məlumata görə,  2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54830 müraciət daxil olub. Onlardan 53955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

 

Samirə KƏRİMOVA