Bakı Ali Neft Məktəbində (BANM) Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) “Regional Tələbə İnkişafı Sammiti” keçirilib.

 

BANM-in təşkilati dəstəyi ilə həyata keçirilən tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan,  Özbəkistandan olan gənc mütəxəssislər və tələbələr iştirak ediblər.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov SPE-nin neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr və gənc mütəxəssislər üçün geniş imkanlar açdığını bildirib. Eyni zamanda, tələbələri SPE-nin təşkil etdiyi tədbirlərdə və həyata keçirdiyi layihələrdə aktiv olmağa çağırıb.

        

Sammit çərçivəsində həmçinin, SPE-nin Prezidenti Şauna Nunan tələbələr qarşısında təqdimatla çıxış edib. Bildirib ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər  keçirərək şərait yaratmaqdır.

 

SOCAR, “BP”, “Equinar” və “Schlumberger” şirkətlərinin sponsorluğu ilə həyata keçirilən tədbir iki gün davam edib.