Naxçıvan Dövlət Universitetində 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ana dilinin hər bir xalqın həyatındakı rolundan bəhs edib. Qeyd edilib ki, dilimizin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir. 
Dilimizə dövlət qayğısı haqqında məruzəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova  əsası ümummilli lider tərəfindən qoyulmuş dil siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Prezidentin müxtəlif vaxtlarda ana dilimizlə bağl imzaladığı sərəncamlar  dilimizin inkişafına böyük qayğının təzahürüdür. 
“Azərbaycan bədii dilinin inkişafı” haqda (Eldar Baxışın yaradıcılığı üzrə) filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova, “Öz dilimdir, şirin dil” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Arzu Abbasovanın məruzələri dinlənilib. 
Sonra mövzu ətrafında diskussiyalar aparılıb. Məlumat verilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədilə qeyd edilir. 
Sonda tələbələr ana dilinə həsr olunmuş şeirlər söyləyiblər.