Naxçıvan Dövlət Universitetində  “Azərbaycan – müstəqil dövlətim mənim” adlı foto-video, əl işləri müsabiqəsinə yekun vurulub.

 

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Rafiq Rəhimov tariximizin müstəqillik səhifəsinə nəzər salıb. Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi tələbələri milli vətənpərvərlik, adət-ənənələrimiz, mədəniyyətimiz, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.  

 

YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Müstəqilliyə gedən yol” adlı çıxışında deyib ki, Azərbaycanın müstəqilliyinin əsasları, bu yolda atılan mühüm qərarlar məhz muxtar respublikada öz tarixi həllini tapıb. O, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində ümummilli liderin xidmətlərini tarixi ardıcıllıqla sadalayıb, Heydər Əliyevin  müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi şərəfli və məsuliyyətli bir missiyanı uğurla həyata keçirdiyini vurğulayıb.  

 

Qeyd edək ki, Azərbaycanın dövlət müstəqilliyini əks etdirən foto-video, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla müsabiqəyə təqdim edilib. Müsabiqəyə universitetin instaqram səhifəsində yerləşdirilmək üçün ümumilikdə, 40-a yaxın əl işi, video buraxılıb. Qaliblər 20 gün müddətində ən çox bəyənmə alan hər nominasiya üzrə 10 yaradıcı iş arasından seçilib.

 

Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya, mövzu axtarışları əsas götürülüb.

 

Prorektor qalib tələbə-gəncləri təbrik edib, bundan sonrakı müsabiqələrdə onları daha fəal olmağa çağırıb.

 

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.