Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Bu gün təhsilə münasibət,  ondan gözləntilər də  sözün yaxşı mənasında dəyişib. Eləcə də təhsil müəssisələrinə, müəllimlərə verilən tələblər də özünün aktuallığı, müasir dövrün çağırışlarına uyğun olması ilə fərqlənir. Təhsil müəssisələrimizdə əlverişli təlim mühiti formalaşıb, təlim göstəricilərinin yaxşılaşdırılmasına ciddi diqqət artırılıb, şagirdlərə keyfiyyətli təhsil imkanları yaradılmaqla yanaşı, təhsilverənlərin də bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Artıq təhsil ocaqlarımız öz fəaliyyətlərində  daha innovativ,  müəllimlər isə daha yaradıcı  olmaqları, kreativ  fikirləri ilə  seçilirlər. Təbii ki, bütün bu imkanları isə onlara Təhsil Nazirliyi yaradır. Təhsildə  inkişaf və  innovasiyalar  üzrə qrant  müsabiqəsi nazirliyin həyata keçirdiyi uğurlu layihələrindəndir. Artıq 3-cü ildir ki, keçirilən müsabiqənin əsas məqsədi də məhz təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır. Builki nəticələrə görə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Müsbət qərar verilən 168 qalib layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə, müsabiqədə  44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Müsabiqədə bölgələrdən olan təhsil müəssisələri, eləcə də müəllimlər heç də paytaxtdakı həmkarlarından fərqlənməyərək fəallıqları ilə seçiliblər. Belə ki, Bakı ilə yanaşı,  Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkir  qalib layihələri olan ən fəal rayon və şəhərlərdən sayılırlar.

 

Müsabiqənin builki qalibləri  onlara uğur gətirən layihələrindən söz açıblar. 

 

Məktəb-teatr, teatr-məktəb əlaqələri möhkəmləndirilməlidir

 

 

Yaşar Əliyev Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin direktorudur. Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində rəhbərlik etdiyi məktəbin ilk dəfə iştirak etdiyini və layihələrinin qalib olduğunu söyləyir. Təqdim etdikləri layihənin fərqlənənlər sırasında olacağını  heç gözləmirmiş.

 

Müsabiqənin qalibi olan  layihələri “Məktəb və teatr adlanır. Niyə məhz bu mövzuya müraciət etmələrini belə açıqlayır:

 

- Bilirsiniz ki, uşaqların mənəvi inkişafında, onların dünyagörüşünün, estetik zövqünün formalaşmasında,  daxili aləmlərinin zənginləşməsində teatrların  rolu danılmazdır. Ölkəmizdə uşaqlara xidmət edən bir neçə teatr fəaliyyət göstərir. Bu teatrlar əsasən paytaxt Bakıda yerləşir. Teatr həm də güclü təbliğat vasitəsidir. Onun böyüməkdə olan gənc nəslin  tərbiyəsinə  təsiri  inkarolunmazdır. Cəmiyyətdə  elə ailələr var ki, teatr onlar üçün  böyük maraq kəsb edir. Müəyyən obyektiv və subyektiv səbəblərdən teatra gedə bilmirlər. Bəzi  ailələr üçün isə teatr   rəngarəng işıqlı əyləncə, bəziləri  üçün isə  qaranlıq bir dünyadır. Yəni, teatr haqqında məlumatsızdırlar. Düşündük ki, məktəb-teatr, teatr-məktəb əlaqələri möhkəmləndirilməlidir. Məktəblər teatrlara tədrisin tərkib hissəsi olaraq yeni dərs-tamaşalar sifariş etmək hüququna malik olmalıdırlar.

Xarici dövlətlərdə olduğu kimi,  məktəbin tərkibində  teatr məşğələləri olmalı və şagirdlərdən ibarət  aktyor truppası təşkil edilməlidir. Burada  aktual mövzularla bağlı səhnəciklər hazırlanmalı, məktəblilərin maariflənməsinə, ədəbi ehtiyaclarının ödənilməsinə,  onların yerli və əcnəbi klassik yazarların əsərləri ilə əyani şəkildə tanışlığına imkanlar yaradılmalıdır. Həmçinin, şagirdlərdən ibarət teatr bayram və əlamətdar  günlərdə məktəb kollektivinin asudə vaxtının səmərəli təşkil edilməsində yaxından iştirak etməlidir. Məhz təqdim etdiyimiz layihənin əsas məqsədi də məktəbdə teatr məşğələləri təşkil etmək,  aktyorluq istedadı olan uşaqları  üzə çıxartmaq, teatr truppası  yaradaraq müxtəlif əsərləri səhnələşdirməkdir. Həmçinin, vaxtaşırı şagirdlərin asudə vaxtını daha səmərəli və mənalı olması məqsədi ilə   teatr tamaşaları təşkil etməkdir.

 

Avqustun 20-dən start götürən layihəmizin ilkin olaraq   məktəbimizdə təqdimatını keçirmiş, iştirakçılara və qonaqlara bununla bağlı geniş məlumat vermişik. Artıq səhnələşdiriləcək tamaşalarda oynamaq istəyən istedadlı şagirdlərin seçimi gedir. Onu da qeyd edim ki, layihə uşaqların hədsiz marağına səbəb olduğundan aktyor seçimi zamanı bizə  nəzərdə tutulandan artıq uşaq müraciət edib. Hətta əlavə könüllü olaraq bu layihədə iştirak etmək istəyən  şagirdlərimiz də var. Bu da onu göstərir ki, biz məqsədimizə çatmağa çox yaxınıq. Düşünürəm ki, dekabrda yekunlaşacaq bu layihə şagirdlərimizi digər tərəfdən də  daha yaxından tanımağımıza imkan yaratmaqla yanaşı, onların aktyorluq istedad və qabiliyyətlərinin  aşkarlanmasında əhəmiyyətli rol oynayacaq.

 

Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri yenilənir, daha da  təkmilləşir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir.

 

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı görülən işlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

 

Bilirsiniz, innovativ fəaliyyət əslində təhsil fəaliyyətinin inkişaf formasıdır. Bölgə məktəbi olaraq belə bir müsabiqədə iştirak etmək və təqdim etdiyimiz layihə ilə seçilmək çox sevindiricidir.

 

 “Atamla birgə öyrənirəm” adlı layihəm mənə uğur gətirdi

 

 

“İlk dəfə idi ki, belə bir müsabiqədə iştirak edirdim”. Bu sözləri Bərdə rayonu  8 nömrəli tam orta məktəbin  müəllimi Könül Quliyeva  söyləyir:

 

- Mənə uğur gətirən layihəm “Atamla birgə öyrənirəm” adlanır.   İbtidai sinif müəllimi olduğum üçün şagirdlərlə yanaşı, həm də valideynlərlə tez-tez ünsiyyətdəyəm.

 

Yaxşı bilirsiniz ki, övladlarının  təhsilində bizim analar əsas və önəmli rol oynayır. Azərbaycan təhsilində ataların rolunu artırmaq isə, düşünürəm ki,  vacib və önəmlidir. Dərslərimi müasir dövrün tələblərinə uyğun quran bir müəllim kimi müxtəlif xarici ölkələrin təhsil sistemi ilə də maraqlanır, tətbiq olunan yenilikləri hər zaman izləməyə çalışıram. Xarici ölkələrdə təhsillə bağlı məsələləri öyrənərkən  fərqinə vardım ki, orada ata və ana eyni dərəcədə övladlarının təhsil həyatında mühüm  rol oynayırlar. Bir sözlə, valideynlərin hər ikisi övladlarının təhsilində cavabdehlik daşıyır.  Özlüyümdə həmişə  düşünürdüm ki, bizdə də niyə belə olmasın? Və bu sualı  özümə tez-tez verirdim. Ona görə də həmin sualın cavabı ola biləcək bir layihə hazırladım.

 

Layihənin əsas məqsəd və vəzifələri təhsildə ataların rolunu artırmaq, ata-övlad münasibətlərinin düzgün  formalaşmasına, müasir metodikalar  vasitəsi ilə ataların da yeni biliklər əldə etmələrinə dəstək olmaq, fərqli  mühitdə maraqlı öyrənmə yollarını aşılamaq, məktəblərarası əlaqənin gücləndirilməsidir.

 

Bu ilin avqustun 15-dən artıq layihənin  tətbiqinə  başlanılıb və noyabrın 15-də yekunlaşacaqdır. İlkin olaraq layihənin geniş təqdimatı keçirilib, Bərdə rayonunda məktəblərin  4-cü sinif şagirdləri bununla bağlı məlumatlandırılıb. Apardığımız uğurlu təbliğat nəticəsində  atalar öz  övladları ilə birlikdə  layihədə iştirak etmək üçün müraciət ediblər. Onlar arasında seçilən iştirakçılarla bir daha görüş təşkil olunub və müəyyən məsələlərlə bağlı məlumatlar  verilib.  Qeyd edim ki,  layihə müddətində 5 fənn üzrə  (rəsm, həyat bilgisi, riyaziyyat, ingilis dili, ana dili) təlim sessiyalarının keçirilməsi müəyyənləşdirilib. Həmin təlimlər üçün  müəyyən olunan fənlər üzrə uyğun mövzular ibtidai sinif müəllimləri ilə birlikdə müzakirə edilərək seçilib.

 

Layihə çərçivəsində ilk təlim sessiyası cari ilin oktyabrın 6-da Bərdə rayonunda keçirilib. Layihə çərçivəsində müəyyən olunmuş 5 fəndən ilk olaraq  riyaziyyatdan  valideynlər və övladlar bir yerdə çalışaraq müxtəlif tapşırıqlar yerinə yetiriblər. Bu prosesdə onlar keçilən mövzunu  əylənərək öyrəniblər. İlk mövzu “Vurma” olub. Burada valideynlər övladlarla birlikdə onlara eyni sayda verilmiş misalları müəyyən vaxt çərçivəsində həll etməyə çalışıblar. Sonra növbəti “İkirəqəmli ədədin bir rəqəmli ədədə bölünməsi” mövzusu öyrənilib. Onu da əlavə edim ki, burada atalar və övladlar fərqli komandalar yaratmır və hər bir ata öz övladı ilə yarışır. Belə ki, 2 fərqli flipçartlara yazılmış eyni misalları həll etməyə çalışan qruplar bir-birləri ilə yarışırlar. Sonda övladlar qrupu qalib olub.

 

Layihə çərçivəsində növbəti təlim sessiyası həyat bilgisi fənni üzrə baş tutub. Bu zaman da valideynlər övladları ilə bir yerdə çalışaraq müxtəlif tapşırıqlar yerinə yetirib, yeni bilgiləri əylənərək öyrəniblər.  Atalar və onların övladları   arasında öyrəndikləri məlumatların mənimsənilməsi və ölçülməsi məqsədilə sorğu-sual yarışı da keçirilib.

 

Digər fənlər üzrə də belə təlim sessiyaları keçirilib və ataların uşaqları ilə birlikdə təhsil prosesində iştirak etməsi olduqca effektiv nəticə verib.

 

Düşünürəm ki, layihəmizin nəticəsi olaraq artıq atalar övladlarının gələcək təhsil həyatlarında bundan sonra da fəal olacaq, uşaqlara  dərslərində hər zaman köməklik göstərə biləcək və bu prosesin əslində çox da çətin olmadığını anlayacaqlar. Eyni zamanda, bu müddət ərzində birgə olan anlar,  ataların övladları ilə daha çox vaxt keçirmələri, həm uşaqlarının təhsilə olan marağının artmasına, həm də ata-övlad münasibətinin düzgün şəkildə  formalaşmasına şərait yaradacaqdır. 

 

Hazırkı an üçün qarşıma qoyduğum məqsədimdən daha artığına nail ola bilmişəm,- deyə bilərəm. Çünki artıq nəinki Bərdədən, hətta digər rayonlardan da layihə ilə maraqlananlar  və bunun davam edib-etməyəcəyini soruşanlar var. Təbii ki, bu, məni sevindirir  və  daha həvəslə, eyni zamanda daha  çox çalışmağıma stimul verir.

 

Layihənin yekununda bütün  iştirakçılara sertifikatlar  və müxtəlif hədiyyələrin təqdim olunması nəzərdə tutulur.

 

Təhsil müəssisələrimiz, eyni zamanda  biz müəllimlər üçün təqdim olunan belə müsabiqələr, müxtəlif  layihələrdə iştirakımız  ilk öncə,  təhsil işçilərinə, məktəblərə daha çox təcrübə, yeni biliklər, əməkdaşlıqlar verir. Bununla yanaşı həm də, məktəblər və müəllimlər arasında olan rəqabəti də artırır. Və bu tip müsbət rəqabətlər müəllimlərə, şagirdlərə, valideynlərə və digər təhsillə bağlı insanlara böyük uğurlar qazandırır.

 

“Müsabiqə kreativ fikirlərimizi reallaşdırmağa geniş imkan yaradır”

 

 

Müsabiqənin digər qalib layihəsi fərdi kateqoriya üzrə Masallı rayonu Çayqıraq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi  Rabil Abdinov tərəfindən hazırlanıb.

 

 

Onu da qeyd edək ki, bu il keçirilən müsabiqənin öncəkilərdən əsas fərqi   istər müraciətlərin  qəbulu,  istərsə də  layihələrin qiymətləndirilməsinin elektron şəkildə həyata keçirilməsidir  ki, bu da prosesdə şəffaflığın və obyektivliyin qorunmasında vacib faktorlardan biri hesab edilir. Belə ki, bütün iştirakçılar grant.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək ərizələrini  elektron qaydada  yerləşdiriblər.  Ekspert komissiyası da layihələrin  qiymətləndirmə prosesini  tam elektron şəkildə həyata keçirib. Məhz Rabil müəlim də”Virtual məktəb” adlı  layihəsini müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edib və sonda  qalib olub. Onunla  söhbətimiz bu mövzuda layihə işləməsinin hansı zəruriyyətdən yarandığı və bununla bağlı nə kimi işlərin görüldüyü barədə oldu.

 

Rabil müəllim bildirir ki,  məktəb rəhbərləri, müəllimlər və valideynlər məktəblə bağlı məlumatları əldə etməkdə bir sıra çətinliklərlə üzləşdiyinin dəfələrlə şahidi olub.

 

- Bəzən də elə hallar yaranır ki,  məktəbin fəaliyyəti ilə bağlı normativ sənədlərin mənbəsini  tapmaq çətin olur. Sənədlərə edilmiş dəyişiklikləri dəqiqləşdirmək olmur. Məktəblə bağlı sənədlərin bir çoxunun elektron versiyaları yoxdur. Bütün bunları axtarıb tapmaq üçün vaxt və bir qədər də hüquqi bilgi tələb olunur.

Mənim tərəfimdən hazırlanan layihə “Virtual məktəb” adlanır. Layihənin  əsas fəlsəfəsi budur ki hər hansı xəyali bir nümunəvi ümumtəhsil məktəbi mövcuddur və onun ümumdünya hörümçək torunda www.virtual-maktab.az domenli veb saytı mövcuddur. Bu portal vasitəsi ilə məktəbin heyəti və valideynlər vəzifə funksiyalarının icrası ilə bağlı bütün işlərin nümunəvi forması ilə tanış ola bilirlər.

Hazırda saytın hazırlanmasının texniki hissəsi demək olar ki, bitib və son tamamlanma işləri gedir. Sayta bir neçə metodik məqalə də artıq yerləşdirilib. 6 ay ərzində sayt nəzərdə tutulan məktəbşünaslığa aid məlumatları özündə ehtiva etməlidir. Təqdim etdiyim layihənin əsas hədəfi məktəblərə təyin edilən direktor, müavin, pedaqoji, tədris pedaqoji və hətta texniki heyətin fəaliyyəti ilə bağlı normativ və metodik bazanı “bir pəncərə”dən hər bir kəsin ixtiyarına verməkdir. Düşünürəm ki, bu, təhsil işçilərimizə vaxta qənaət etməklə tez bir zamanda istədikləri sənədlərlə tanış olmaq imkanı yaradacaqdır.

 

Müsabiqədə qalib gələcəyimə əmin idim. Lakin layihənin əhatəliyinin genişliyi və veb texnologiyalardan kənd yerində istifadənin çətinliyinə görə öhdəsindən gələcəyimə tam əmin deyildim. Artıq çətinliklər dəf olunub və bu məsələlərin həlli üzərində ciddi işlər aparılır.

 

Son illər Təhsil Nazirliyinin apardığı islahatlar, tətbiq olunan yeniliklər biz müəllimlərin ürəyincədir. Xüsusilə Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsi bizə kreativ  fikirlərimizi realllaşdırmağa geniş imkanlar yaradır. Bu müsabiqə həm müəllimlərə ideya və innovativ işlərini həyata keçirməyə maddi stimul verir,  eyni zamanda da onları yaradıcılığa sövq edir. “Pul olsaydı və imkan yaradılsaydı bu işi edə bilərdim” fikri artıq keçmişdə qaldı. Dövlət müəllimin ideyasını maddi dəstəkləməklə yanaşı, onları məktəblərdə həyata keçirməsinə də gözəl bir şərait yaradır.

 

“Məlumatların elektronlaşdırılması uşaqların daha rahat öyrənməsinə imkan verəcək”

 

38 illik pedaqoji staji olan Təranə Yusifova da müsabiqənin builki qaliblərindəndir. Bakıdakı 285 nömrəli tam orta məktəbin müəllimidir. Müsabiqəyə “Audio-Ensiklopediya” adlı layihəsi ilə qatılıb və qalib olub.  Müsabiqədə iştirak etmək həvəsi  onda işlədiyi məktəbin direktoru Safurə   Rəhimovanın  bu müsabiqənin  birinci ilində yer tutmasından sonra yaranıb.

 

- Direktorumuzun  layihəsi  “Oxumadan  öyrənək”  adlanırdı. Layihə çərçivəsində  5-ci  sinif  “Ədəbiyyat” və “Azərbaycan  tarixi” dərsliklərinin  elektron  variantını  işləyib  hazırlamışdı.  Disk şəklində olan bu dərsliklərin məktəbimizdə  təqdimatı  keçirildi və mən həmin disklərlə tanış  oldum.  Daha  sonra  bu  disklər    məktəbdə  tətbiq  olunmağa  başladı,  müəllimlərə   paylanıldı.  Gözdən  problemi  olan  uşaqlara  hədiyyə  edildi.   Bütün  bunlar  müəllim  olaraq  məni həvəsləndirdi  ki,  belə bir layihə edim. Bu ideyadan yararlanaraq özüm  “Audio-Ensiklopediya” adlı layihə üzərində işləməyə başladım və onu builki müsabiqəyə təqdim etdim.  

 

Bilirsiniz, audio  vəsait  artıq bütün  dünyada  yayılıb,  istədim ki, bizdə də geniş  tətbiq  olunsun.   Düşündüm  ki,   1-ci  və  4-cü  sinif  şagirdləri üçün  onların  dünyagörüşünün  artırılması istiqamətində  maraqlı  bir  dərs  resursu  hazırlayım. Fikirləşdim  ki, ensiklopediyalar  çox  var.  Müəllim  kimi  görürdüm  ki, şagirdlərin   çoxusu  kitabları  alır  və  bir  dəfə  oxuyandan  sonra  qoyur  bir  tərəfə və öyrəndikləri  məlumatların  əksəriyyəti   yaddan  çıxır.  Amma  bu məlumatların elektronlaşdırılması,  disk  şəklində  olması   uşaqların harada olmaqlarından  asılı olmayaraq rahat istifadəsinə imkan verə bilər,  hətta   telefonlarına  da  diskdən  rahat  şəkildə  yükləyə  bilərlər. Beləliklə  “Audio-  Ensiklopediya”nı hazırlamaqla  onun şagirdlər üçün   gərəkli  bir  vəsait  olacağını özüm üçün yəqinləşdirdim.  Bu vəsaitin xüsusilə  bizim inklüziv  təhsilə  cəlb  olunan  şagirdlərimiz üçün istifadə baxımından daha faydalı olacağına əmindim.  

 

Avqust ayından icrasına başlanılan layihə çərçivəsində bu günə  qədər artıq  müxtəlif  ensiklopediyalar  üzərində  iş  gedib.  İnternet  səhifələrində maraqlı  kitablardan  yaş  səviyyəsinə  uyğun  olaraq  materiallar  toplanılıb.  Həmin  materiallar  redaktə  olunub. Onu deyim ki, toplanılan məlumatlar   müxtəlif  ensiklopedik  biliklərə  malik olan  kitablardan,  ensiklopediyalardan  və  internetdən  dəqiq və  yoxlanılmış məlumatlardır. Həmin məlumatların elektron versiyasının hazırlanması,  səsləndirilməsi  ilə bağlı  rejissor və aktyor  işi də  artıq  yekunlaşıb, hazırda  səsyazma prosesi üzərində işlər gedir. Noyabrın sonu, dekabrın   əvvəllərində  diskimiz hazır olacaq.

 

Layihəmdə qarşıya qoyduğum hədəf  ondan  ibarətdir  ki,  şagirdlərin  bilik və bacarıqlarının artırılmasına, dünyagörüşünün formalaşmasına nail olaq və qeyd etdiyim kimi, xüsusilə inklüziv  təhsilə  cəlb  olunan  şagirdlər  üçün  gözəl  bir  resurs  hazırlansın. İbtidai  sinif  müəllimləri  sinif  təşkilat  saatlarında,  həyat  bilgisi  dərslərində  bu  resursdan  faydalana bilsinlər.

 

Düşünürəm ki, təqdim olunacaq  “Audio- Ensiklopediya”nı dinləyəcək uşaqların gördüklərindən, oxuduqlarından daha  çox  diskdən eşitdikləri məlumatlar, müəyyən bilgilər  yadlarında  qalacaqdır. Bu sanki bir nənənin nəvəsinə danışdığı nağıla bənzəyir. İllər keçəcək, uşaqların hafizəsində həmin müxtəlif məlumatlar, bilgilər yaddan çıxmayacaq, eynilə nə vaxtsa dinlədikləri nağıllar kimi. Məlumatların elektronlaşdırılması həm də  uşaqların daha rahat öyrənməsinə imkan verəcək.

 

“Audio-Ensiklopediya” praktik olacaq, hər bir kəs ondan asanlıqla istifadə edə biləcək. Bu, eyni  zamanda  valideynlər,   şagirdlərə keçilən  dərslərə  aid məlumatlarla bağlı sual-cavab  hazırlayan  müəllimlər,  uşaq  birliyi  rəhbərləri  üçün  də  çox  gözəl  vəsait  olacaqdır. Vəsait  gözündə   problemi  olan  uşaqlarımız  üçün də  istifadə etmək baxımından rahat olacaqdır. Əmin  olmadığım  heç  bir  işin  qulpundan  yapışmıram.  Uzun  illər  ərzində  qazandığım  təcrübə  mənə belə bir layihə ilə müsabiqəyə qatılmaq inamını verdi.  Onu da xüsusi qeyd edim ki, qrant  müsabiqələrin  təşkili biz müəllimlərə reallaşdırmaq arzusunda  olduğumuz ideyaları  hazırladığımız  layihələr  şəklində həyata  keçirməyimizə geniş imkan və şərait yaradır.

 

Samirə KƏRİMOVA