Serbiyanın aparıcı elm və təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzində Azərbaycan dilinin tədrisinə başlanılıb. Azərbaycan dili dərsində 25-dən çox iştirakçı arasında yalnız universitet tələbələri deyil, həmçinin, Azərbaycan dilinə maraq göstərən digər millətlərdən olan (Çin, Yaponiya və s.) tələbələr də iştirak edirlər.

 

Azərbaycan Dillər Universitetindən bildirilib ki, dərslər mərkəzin rəhbəri, Novi Sad İncəsənət Universitetinin professoru Zərifə Əlizadə və Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə doktorantı Günel Babanlı tərəfindən aparılır.

 

Belqrad Universitetində Azərbaycan dili fənnini tədris edən mütəxəssislər ADU-nun dilçi alimləri tərəfindən təlimatlandırılıb, proqram və dərsliklərlə təchiz olunublar. Tələbələrə yalnız qrammatik qaydalar öyrədilmir, onlarla gündəlik həyatın müxtəlif sahələrində rast gəlinən mövzularda müzakirələr aparılır. Bundan başqa, Belqrad Universitetinin professoru, türkoloq alim Ema Milkoviç iki universitet arasında mövcud imkanları tələbələrin diqqətinə çatdırıb.

 

Qeyd edək ki, Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ADU-nun rektoru, akademik  Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiyadakı səfirliyinin birbaşa dəstəyi ilə 2018-ci il aprelin 26-da fəaliyyətə başlayıb.