Odlar Yurdu Universitetinin əməkdaşları İsveç Krallığının Kral Texnologiya Universitetində keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı beynəlxalq təlimlərdə iştirak ediblər.

 

Bu iştirak Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində  baş tutub. 7 ölkənin iştirakı ilə keçirilən beynəlxalq təlimlərdə  Yaponiya, Çin, Braziliya, Argentina, Kolumbiya, Çili və layihənin üzvü olan 11 Azərbaycan universitetlərindən nümayəndələr qatılıb.

 

Odlar Yurdu Universitetini Beynəlxalq Əlaqələr, Layihələr və strateji inkişaf Departamentinin rəhbəri Zaur Məmmədov, Tədqiqat və inkişaf mərkəzinin rəhbəri Elşən Eziz təmsil edib.

 

5 gün davam edən təlimlərdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO təşkilatının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya Universiteti tərəfindən təqdimatlar edilib, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi və faydalı müzakirələr aparılıb.

 

Təlimlərin yekununda universitet nümayəndələri beynəlxalq sertifkatlarla təltif olunub.