İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani Gəncə Dövlət Universitetində (GDU)  olub.

 

GDU-nun rektoru, professor Yusif Yusibov Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açıb. O, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında məlumat verib,  dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumlarla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

 

Rektor  bu görüşün GDU ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağını bildirib.

 

İndoneziyanın səfiri Hüsnan bəy Fanani təmsil etdiyi ölkə haqqında ümumi məlumat verib, xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduğunu  vurğulayıb.

 

Daha sonra diplomat universitetin professor-müəllim heyəti və tələbələrlə görüşüb, onlara mühazirə oxuyub. O, İndoneziyanın adət-ənənələri, milli mətbəxi, paytaxtı haqqında ətraflı məlumat verərək, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin tarixindən və inkişafından söhbət açıb. Səfir bildirib ki, Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir:” İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır”.

 

Ölkələrimiz arasında təhsil sahəsində də yaxşı əməkdaşlığın olduğunu vurğulayan səfir deyib ki, İndoneziya hər il azərbaycanlı tələbələr üçün müxtəlif təqaüdlər təklif edir. Səfir Azərbaycan ədəbiyyatından Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Nəimidən bəhs edib, özünün musiqi bacarığını da nümayiş etdirib.  Sintezatorda ölkəsinin milli musiqilərini ifa edən səfir, daha sonra “Azərbaycan” , “Sarı gəlin” mahnılarını da çox ustalıqla səsləndirib.