Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə Türkiyənin Trabzon şəhərində, Qaradəniz Texniki Universitetində tədbir keçirilib.

 

Naxçıvan Dövlət Universitetindən (NDU ) müəllim və tələbələrin qatıldığı tədbirdə ilk öncə sərgiyə baxış olub. 20 foto və 15 rəsm əsərinin nümayiş olunduğu sərgidə Naxçıvanın tarixi və turistik yerləri öz əksini tapıb.

 

Qaradəniz Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru Hikmət Öksüz Azərbaycan və Türkiyənin münasibətlərindən, tarixi əlaqələrindən danışıb.

 

NDU-nun Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov muxtar respublikanın 95 illik inkişaf tarixinə nəzər salıb, onun hərtərəfli inkişafa nail olduğunu deyib.

 

Universitetin Azərbaycan tarixi kafedrasının dosenti Elçin Zamanov “Naxçıvan tarixi” adlı çıxışında XX yüzilliyin əvvəllərində muxtariyyata gedən yolda Naxçıvanın Türkiyənin dəstəyi ilə apardığı qurtuluş mübarizəsindən danışıb. Araz Türk Cümhuriyyətinin muxtariyyatın qazanılmasında ən mühüm tarixi mərhələ olduğu diqqətə çatdırılıb. Naxçıvanın qurtuluşu üçün ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyasından, Moskva və Qars müqavilələrinin əhəmiyyətindən də bəhs edilib.   

 

Sonra hər iki ölkənin musiqi və rəqs nümunələrindən ibarət konsert olub.

 

Məlumat üçün bildirək ki, hər iki universitet arasında Erasmus Key Action proqramı çərçivəsində tələbə-müəllim mobilliyi, ortaq proqram, simpozium, konfranslar keçirməyə dair qarşılıqlı müqavilə mövcuddur. Universitetin Tibb fakültəsinin tələbələri artıq iki ildir ki, həmin universitetdə təcrübə kursu keçirlər.