Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri pedaqoji və istehsalat təcrübələrini uğurla başa vurublar. Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültəsi, eləcə də Tərcümə (ingilis dili) ixtisası üzrə istehsalat təcrübəsinə göndərilən bakalavr tələbələrin ümumi sayı 442 nəfər, pedaqoji təcrübəyə göndərilənlərin sayı isə 325 nəfər təşkil edib.

 

Tələbələr öz təcrübələrini Milli Məclis, Asan Xidmət, Abşeron Rayon İcra Hakimiyyəti, SOCAR, Dövlət Tərcümə Mərkəzi, Kapital Bank, Gilan Holding,  Veysəloğlu MMC,  Azərbaycan Sənaye Bankı, Azersun Holding MMC, Akademik Zərifə Əliyeva adına lisey, Avropa Azərbaycan məktəbi, Azərbaycan Britaniya Kolleci, o cümlədən digər şirkət, qurum və təhsil müəssisələrində keçiblər.

 

Ali təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Təcrübənin əsas vəzifəsi tələbələrin aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etməkdir. İstehsalat və pedaqoji təcrübə universitetlə şirkətlər, lisey və məktəblər arasında bağlanmış ikitərəfli təcrübə müqavilələri əsasında həyata keçirilir.