Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda Elmi Şuranın sektor və şöbələrin elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

 

İnstitutun direktoru, akademik Nazim Məmmədov müəssisənin elmi potensialından, daxili və xarici əlaqələrindən bəhs edib.

 

Ümumi sektorun rəhbəri Hüsnü Əjdərovun hesabatında bildirilib ki,  sektorda doqquz laboratoriya və bir şöbə  fəaliyyət göstərir, çalışanların sayı isə  128 nəfərdir (3 nəfər akademik, 15 elmlər doktoru və 50 nəfər fəlsəfə doktoru). İl ərzində əməkdaşların 55 məqaləsi xarici, 51 məqaləsi isə yerli jurnallarda dərc olunub. Sektorda 5 kitab çap edilib.

 

İnnovasiya sektorunun hesabatında göstərilib ki, 17 laboratoriyadan ibarət olan sektorda il ərzində daxildə 40, xaricdə isə 142 (63 ATLAS) məqalə dərc olunub. Xaricdə dərc olunan məqalələrin 138-i impaktfaktorlu jurnalların payına düşür.

 

Təhsil şöbəsinin rəhbəri, professor Abasət İsayev bildirib ki, hesabat ili yaz və payız ssesiyalarını əhatə edir. Hazırda Fizika İnstitutunda 22 magistr təhsil alır. Onlardan 6-sı II kurs, 16 nəfəri isə I kursdur. O, 2018/2019 tədris ilində 8 magistrin dissertasiya işlərini uğurla müdafiə edərək, magistr dərəcəsini aldıqlarını bildirib. Onlardan 7 nəfəri fərqlənmə diplomu ilə təhsilini başa vurub.