Bakı Dövlət Universitetində 12 noyabr- Konstitusiya Günü ilə bağlı tədbir keçirilib.  Rektor Elçin Babayev  Konstitusiyanın Azərbaycanın müstəqil inkişafının fundamentini təyin edən əsas sənəd  olduğunu qeyd edib.  Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında  hazırlanan, 1995-ci ildə ümümxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini diqqətə çatdırıb. E.Babayev Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən də söz açıb.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan tarixi inkişafının yeni bir mərhələsinin başlandığını vurğulayıb.  O, həmçinin bu ali qanunun yaradılmasında Bakı Dövlət Universitetinin elm xadimlərinin də müstəsna xidmətlərinin olduğunu diqqətə çatdırıb.

 

BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev beynəlxalq təşkilatların Azərbaycan Konstitusiyasına yüksək münasibətindən bəhs edib, ali sənədin qəbulundan sonra Azərbaycanın kifayət qədər beynəlxalq müqavilələrin iştirakçısı, beynəlxalq təşkilatların üzvü olduğunu deyib.