11-12 noyabr tarixlərində Təhsil Nazirliyinin dəstəyi və Rusiya Eksport Mərkəzinin təşkilatçılığı ilə “Təhsildə müasir texnologiyalar” mövzusunda Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası təşkil olunub.

 

Səfər çərçivəsində noyabrın 11-də təhsil işçiləri üçün “Rusiyanın təhsil mühiti üçün yeni texnologiyaları” mövzusunda konfrans keçirilib.

 

Konfransda Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Rusiya Eksport Mərkəzi” Səhmdar Cəmiyyətinin rəhbəri Nuri Quliyev, Rusiya şirkətlərinin nümayəndələri və təhsil işçiləri iştirak ediblər. 

 

Konfransda çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. O, təhsildə müasir texnologiyalar sahəsində işgüzar missiyanın təşkilini yüksək qiymətləndirib və ölkələr arasında bu sahədə əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında ölkəmizdə təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə aparılan işlər barədə məlumat verib və bu texnologiyalardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb.

 

Daha sonra Rusiya şirkətlərinin təhsil avadanlığı və tədris vəsaitləri ilə bağlı təqdimatları dinlənilib və qonaqlar şirkətlərin stendləri ilə tanış olublar.

 

İşgüzar missiya çərçivəsində noyabrın 12-də Rusiya nümayəndə heyətinin ümumi təhsil, peşə təhsili və ali təhsil müəssisələrinə səfərləri baş tutub. Səfərlər çərçivəsində Rusiyanın təhsil sahəsində avadanlıq, proqram təminatı, məktəb mebeli, təhsilalanların yaradıcılıq istedadını püxtələşdirmək üçün alətlər təqdim olunub və əməkdaşlıq əlaqələri müzakirə olunub.