177 saylı tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Gənclərin Elmi Araşdırmalar Mərkəzi ictimai birliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” layihəsinin yekun tədbiri olub.

 

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, adıçəkilən layihənin təlimçisi Vüsal Ömərov layihə haqqında məlumat verib, bildirib ki, məqsəd məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırılması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsi ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir.

 

Təlimçi qeyd edib ki, XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış elektronlaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir edib:” Ənənəvi idarəçilik metodlarının günün və cəmiyyətin tələblərini ödəməməsi bütün ölkələri innovativ modellərin axtarışına yönəldir. Hazırda ölkədə geniş tətbiq olunan “Elektron hökumət”in vətəndaş üçün bir sıra üstünlükləri var. Qeyd etmək lazımdır ki, vətəndaş dövlət qurumlarının göstərdiyi xidmətləri internet vasitəsi ilə aldığından  bürokratik əngəllər aradan qalxır. Yaradılan xidmətlər, həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, elektron qaydada həll etməyə imkan verir. Artıq “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində xeyli işlər görülüb. Atılan addımlar dövlətin qarşıdakı illərdə göstərilən elektron xidmətlərin əhatəsinin genişləndirilməsi və keyfiyyətinin artırılmasında maraqlı olduğunu göstərir”.

 

Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.