Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq layihənin hazırlanması üzrə ikinci məşvərətçi seminar öz işinə başlayıb.

 

Sözügedən layihənin hazırlanmasının təşəbbüskarı BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) Pakistanda yerləşən nümayəndəliyi və Pakistanın Elm və Texnologiya Təşkilatıdır (COMSTECH).

 

Tədbirdə Azərbaycan, Pakistan, Qazaxıstan, Oman və İordaniyadan bitki genetik ehtiyatları və toxumçuluq üzrə 30-dan artıq rəhbər şəxs və mütəxəssis, həmçinin BMT-nin İnkişaf Proqramı (UNDP), Yaponiyanın JİCA təşkilatı, Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ölkəmizin tarixən zəngin bitki ehtiyatlarına və genetik fonda malik olduğunu bildirib. Qeyd edib ki, 2003-cü ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) yaradılıb və müəssisə əməkdaşlarının əməyi nəticəsində bitki ehtiyatlarının toplanılmasına başlanılıb.

 

Akademik respublikanın ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində GEİ-nin Milli Genbankının mühüm rol oynadığını deyib, həmçinin müəssisədə müasir metodlardan istifadə edilməklə, önəmli tədqiqatların aparıldığını diqqətə çatdırıb. Rəqabətədavamlı bitki sortlarının yaradılmasının, eləcə də toxumçuluq sisteminin formalaşdırılmasının zəruriliyinə toxunan İ.Hüseynova bu sahədə Pakistanın zəngin təcrübəyə malik olduğunu söyləyib.

 

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq olunduğunu xatırladıb. Qeyd edib ki, son illərdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarında yerli və beynəlxalq sortlardan istifadə edilməklə, yeni sortlar yaradılıb və GEİ-nin Milli Genbankına təhvil verilib.

 

O, layihə çərçivəsində AMEA ilə əməkdaşlıq şəraitində yeni metodların ölkəyə gətirilməsində, onlardan istifadə etməklə yeni davamlı və məhsuldar sortların yaradılması üzrə sistemin formalaşdırılmasında, o cümlədən toxumçuluq sisteminin təkmilləşdirilməsində maraqlı olduqlarını söyləyib.

 

Pakistanın COMSTECH təşkilatının məsləhətçisi Dr.Xurşid Hasanain isə genetik ehtiyatlar sahəsində GEİ ilə birgə həyata keçirilən fəaliyyətdən danışıb, gələcəkdə layihə çərçivəsində əməkdaşlığın daha da genişləndiriləcəyini söyləyib.