II kurs tələbəsi Parisdə böyük finalda iştirak edəcək


Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tələbəsi Səkinə Nağızadə “Global Startup Weekend Women”- qadınlar arasında keçirilən startup yarışının Bakı finalında qalib olub.

Ali təhsil müəssisəsindən verilən məlumata görə,  "Next Step" İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə  keçirilən yarışa qatılmaq üçün 50-dən çox müraciətin daxil olmasına  baxmayaraq  cəmi 11 komanda Bakı finalında iştirak hüququ qazanıb. "Boş durma, hərəkətə keç" devizi altında təşkil olunan yarışda ali təhsil ocağının ikinci kurs tələbəsi Səkinə Nağızadə və onun "TalentPort" komandası qalib olub. Komandanın təqdim etdiyi layihə tələbələr və fiziki məhdudiyyətli insanların məşğulluğunun yarımştat işlə təmin olunması platformasının yaradılmasından ibarət olub. Bu platformadan  şirkətlər də yararlanacaq. Belə ki, onlar vaxta qənaət edərək, uyğun  və potensial gənc kadrlarla təmin olunmuş olacaqlar.

Qalib komanda  “RCI Bank & Services”, “AccorHotels”, “Air France”, “Wavestone”, “Air Liquide”, “La Tribune” kimi qlobal sponsorlardan Parisə uçuş bileti, “Accor otel”də 2 gecə qalmaq,  böyük  finalda münsiflər qarşısında ideyasını təqdim etmək və Bakıda "Next Step" İnnovasiyalar Mərkəzinin Sup.az akselerasiya proqramına qəbul olunmaq şansı qazanıblar.

BANM-ın II kurs tələbəsi Səkinə Nağızadə cari il martın 7-də Fransanın Paris şəhərində 23 ölkə arasında keçiriləcək böyük finalda Azərbaycanı təmsil edəcək.

 

Samirə KƏRİMOVA