Türkiyənin nüfuzlu Yıldız Texnik Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında sıx əməkdaşlıq əlaqələri uzun illərdir ki, mövcuddur. Universitetlərimiz arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində müəllimlərimiz sözügedən universitetdə staj proqramlarında iştirak edib, dəfələrlə qarşılıqlı tanışlıq səfərləri təşkil olunub. Hər iki universitet arasında tələbə və müəllim mübadiləsini nəzərdə tutan Erasmus+KA1 və Mövlanə Mübadilə Protokolları da imzalanıb.

 

İkitərəfli əlaqələrin yeni istiqamətlərinin araşdırılması, Geomatika ixtisasında bakalavr səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi üçün müzakirələrin aparılması, İnşaat mühəndisliyi və Ekologiya mühəndisliyi sahələrində mümkün əməkdaşlığın qurulması məqsədilə Yıldız Texnik Universitetinin (YTU) nümayəndə heyəti bu günlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı olub. YTU-nun İnşaat fakültəsinin dekanı, professor doktor Engin Gülalın rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, fakültə dekanları, kafedra və şöbə müdirlərinin də iştirak etdiyi geniş işgüzar müzakirələrə qatılıb.

 

Görüşdə AzMİU-nun rektoru ikitərəfli əlaqələrin perspektivlərinin müzakirəsi üçün belə görüşlərin önəmliliyini, rəhbərlik etdiyi universitetin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Rektor əməkdaşlıq əlaqələrinin beynəlxalq proqram və layihələr çərçivəsində inkişafı ilə yanaşı, müəllim-tələbə mübadiləsi, ikili diplom, tədqiqat işlərinin birgə yerinə yetirilməsi, birgə konfransların təşkili və s. istiqamətlərdə davam etdirilməsini arzulayıb.

 

YTU-nun İnşaat fakültəsinin dekanı təmsil etdiyi universitetin rəhbərliyi adından səmimi qəbul üçün təşəkkür edib, əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün əllərindən gələni edəcəklərini bildirib. E.Gülal digər qonaqları - İnşaat mühəndisliyi kafedrasının müdiri, professor doktor Mehmet Berilgeni, Ekologiya mühəndisliyi kafedrasının müdiri, professor doktor  Güleda Engini təqdim edib. YTU haqqında prezentasiya nümayiş olunub, universitetin fakültə və ixtisasları, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə geniş məlumat verilib. AzMİU ilə əməkdaşlığın real istiqamətləri, bakalavr, magistratura və doktorantura səviyyələrində müəllim-tələbə mübadiləsi, tələbələrin Yıldız Texnik Universitetində staj keçməsi, müəllimlərin ixtisaslarının artırılması və birgə konfransın keçirilməsi müzakirə olunub.

 

Görüşdən sonra qonaqlar AzMİU-nun Sərgi salonuna baş çəkib, Memarlıq fakültəsinin tələbəsi Dəniz Baxışzadənin fərdi yaradıcılıq sərgisi ilə tanış olublar. Qonaqlar universitetin birinci korpusunda Şəhidlər guşəsini də ziyarət ediblər, torpaqlarımızın azadlığı uğrunda şəhid olan tələbə və əməkdaşların ruhuna dualar oxuyublar. Universitetlə yaxından tanışlıq proqramına uyğun olaraq qonaqlar Memarlıq fakültəsində də olub, dərs prosesini izləyib, studiya və mərkəzləri gəziblər.

 

 

Onu da qeyd edək ki, səfər çərçivəsində YTU nümayəndələri universitetin İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində də səmərəli görüşlər keçiriblər, əməkdaşlığın yeni istiqamətləri barədə ciddi müzakirələr aparıblar. İlkin razılaşmaya əsasən, 2020-ci ildə inşaat, ekologiya və geomatika mühəndisliyi ixtisasında təhsil alan 15 nəfər tələbənin staj keçməsi, Erasmus+ mübadilə proqramı çərçivəsində 3 doktorant və 3 müəllimin mübadiləsinin gerçəkləşməsi, qısa zamanda geomatika ixtisası üzrə ikili diplom müqaviləsinin imzalanması və ekologiya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlanması, 3 mövzu üzrə birgə layihə çalışmalarına başlanması və birlikdə beynəlxalq konfrans keçirilməsi planlaşdırılır.

 

Könül ŞİRİNOVA,

AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdir müavini