Azərbaycan  Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun (PF) XI dinləməsi keçirilib.

 

Tədbirdə Türkiyənin Boğaziçi Universitetinin professoru Bülent Himmetoğlunun “Öyrətmək müqəddəsdir (50 illik təcrübə işığında)” mövzusunda məruzəsi dinlənilib.

 

Bülent Himmetoğlu məruzəsində 50 illik iş təcrübəsindən danışaraq bildirib ki, müəllimlər cəmiyyətin memarı, gələcək nəsillərin yaradıcısıdır. Onun fikrincə, müəllim tələbəyə ilk öncə insanlığı, dəyər verməyi, bağışlamağı, qiymətləndirməyi öyrətməli, peşə sevgisini, öyrənmək  və yaşamaq sevgisini aşılamalıdır:” Müəllim elə bir insan-mütəxəssis olmalıdır ki, tələbə-gənclər ondan öyrənməyə can atsınlar. Müəllim-tələbə münasibəti zamanın tələbinə uyğun qurulmalıdır. Müəllim vicdanlı, insaflı, ədalətli olmalıdır. İnsanlara, faktlara, hadisələrə obyektiv qiymət verməyi bacarmalı, düzlüyü təlqin etməlidir. Bunları o sözdə yox, əməldə həyata keçirməlidir. Müəllim əməyinin nəticəsində parlaq zəkalı və istedadlı gənclər yetişdirilir”. 

 

Bülent Himmetoğlu çıxışında, həmçinin tələbələri haqqında xatirələrini də bölüşüb.

 

“Öyrətmək müqəddəsdir” kəlamı ilə məruzəsini sona çatdıran B. Himmetoğlu bu müqəddəs peşədə müəllimlərə uğurlar arzulayıb və “Öyretmen olmaq: Bir cana dokunmaq” adlı kitabını universitetin kitabxanasına hədiyyə edib.

 

Rektor Cəfər Cəfərov və Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov səmimi,  maraqlı məruzəsinə görə Bülent Himmetoğluna təşəkkür edib.

 

Tədbirin sonunda qonağa hədiyyə təqdim olunub.