Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndis sistem və qurğularında ekologiya məsələləri” mövzusunda beynəlxalq elmi-praktik  konfrans öz işinə başlayıb. Tədbirdə  bir sıra dövlət qurumlarının nümayəndələri,  ali təhsil müəssisələrindən tanınmış alimlər, xarici ölkələrdən gələn qonaqlar iştirak ediblər.

 

AzMİU-nun Elmi işlər üzrə prorektoru Arif Şərifov elmi konfransın əhəmiyyətinə toxunub, konfransın bütün bəşəriyyəti düşündürən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın pozulması, ekoloji təhlükəsizliyin təmin edilməsi kimi ciddi problemlərə həsr olunduğunu diqqətə çatdırıb. Prorektor bildirib ki, konfrans çərçivəsində alimlər mövzü ətrafında fikir mübadiləsi aparacaq, xaricdən gələn həmkarları ilə təcrübələrini paylaşacaq, beləliklə gələcək fəaliyyət üçün müəyyən nəticələr əldə olunacaq.

 

"Azərsu" ASC sədrinin müşaviri Çingiz Abdullayev, "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb.

 

Plenar məruzələrdə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin professoru K.M.Predun “Ukraynanın mənzil-kommunal təsərrüfatlarının yenilənməsinin ekoloji və iqtisadi aspektləri”, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyinin baş direktoru, professor Ağamir Həşimov “Azərbaycanda meliorasiya və su təsərrüfatı XX-XXI əsrlərdə” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

 

Məlumat üçün bildirək ki, iki gün davam edəcək konfransa 100-ə yaxın məqalə təqdim olunub.