Dekabrın 16-da Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə BDU-nun professor-müəllim heyətinin böyük bir qrupunu  yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik  edib.   

 

Ceyhun Bayramov diqqətə çatdırıb ki, 2017-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən  BDU-nun 100 illik yubileyinin beynəlxaq səviyyədə, həmçinin ölkə daxilində  təntənəli qeyd edilməsi ilə bağlı müvafiq sərəncam imzalanıb. 

 

"Biz  böyük məmnunluq hissi ilə qeyd edə bilərik ki,  sərəncama uyğun olaraq,  BDU-nun 100 illik yubileyi ilə bağlı  bu il ərzində çox geniş formatda  - ölkə daxilində müxtəlif elmi təşkilatlarda,  digər ali təhsil müəssisələrində bir sıra istiqamətli tədbirlər, konfranslar, müsabiqələr, idman yarışları keçirildi.   Mən, eyni zamanda böyük iftixar hissi ilə qeyd edirəm ki, beynəlxalq səviyyədə,  YUNESKO-nun Baş qərargahında  BDU-nun yubileyi çox yüksək şəraitdə qeyd olunub. Eyni zamanda, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Azərbaycanın Avstriyadakı  səfirliyinin   dəstəyi ilə BDU-nun yubileyi  qeyd olunub"-deyə Təhsil naziri  bildirib.

 

Ceyhun Bayramovun sözlərinə görə, BDU-nun Azərbaycan dövləti, xalqı qarşısında xidmətləri  yalnız elmin, təhsilin inkişafı ilə bağlı deyil, belə ki, ilk dövrlərdən BDU ölkədə ictimai fikrin formalaşmasında müstəsna xidmətlər göstərib.

 

Təhsil naziri çıxışında ali təhsilin əlçatanlığı, ölkəmizdə bu sahədə aparılan islahatlar, yeniliklər, universitet təhsilinin beynəlxalq rəqabətliliyinin gücləndirilməsi  istiqamətində  atılan məqsədyönlü işlərdən də  danışıb.

 

Nazir sonda BDU əməkdaşlarına  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra universitetin əməkdaşlarına 100 illik münasibətlə və Azərbaycanda təhsilin, elmin inkişafındakı xidmətlərinə görə fəxri adlar, orden və medallar təqdim olunub.

 

ORUC  MUSTAFAYEV