Həyatını doğma xalqın taleyi ilə möhkəm bağlamış bir sənətkarın həqiqi istedadının və dərin təfəkkürünün bəhrəsi olan poetik söz ürəklərdə böyük əks-səda doğurur. Əsrləri yara-yara zəmanəmizə gəlib çıxmış şair və filosof, mütəfəkkir və mübariz, böyük insan İmadəddin Nəsimi öz 650 illiyi günündə bahadır qaməti ilə, ölməz poetik dühasının zəfər şüaları ilə canlanır.

 

Rus Şərqşünası Lev Ozerov Nəsimini əbəs yerə “Kainatda günəş” adlandırmırdı. Ozerov 50 il bundan öncə yazırdı: “Nəsimi poeziyası altı yüz ilin qaranlığını işıq şüası kimi yırtaraq bizə gəlib çatmışdır. Ən qiymətli cəhət də budur ki, o, indi də əvvəlki kimi parlayır! Mən Nəsimini dünya lirikasının Koperniki adlandırmaq istəyirəm. Nəsimidən yüz il kiçik olan Kopernik təsdiq edirdi ki, kainatın mərkəzi Yer deyil, Günəşdir. Böyük astronomun Günəş haqqında dediklərini Nəsimi ondan yüz il əvvəl insan haqqında demişdir. Günəş kimi insan da kainatın mərkəzində durur. Nəsiminin poetik sisteminin əsas müddəası məhz budur” (Bax: Kommunist qəzeti, 1 avqust 1973-cü il, səh.4).

 

ABŞ-ın görkəmli jurnalisti və publisisti Cozef Nort isə Nəsimi irsinə belə dəyər verirdi: “Cordano Bruno Qərb dünyasının Nəsimisi sayılmaqla fəxr edə bilər... Dahi Nəsimi şahlar, soltanlar, xaqanlar dövründə, cəhalət zülmətində, ictimai ədalətsizlik hökm sürən bir zamanda Prometey kimi canını, qəlbini məşələ döndərib qaranlıqlara ildırımtək şəfəq saçmışdır. Buna görə də, onun müdrik və hikmətli sözləri dünya durduqca zülmətləri parçalayıb nəsillərdən-nəsillərə keçə-keçə örnək olacaqdır.

 

Şərqin xalq deyim və duyumları, xalq dilinin gözəl ənənələri hələ gəncliyindən İmadəddin Nəsiminin qanına hopmuş, demək olar ki, təfəkkürünə və hissiyyatına hakim kəsilmişdir. Nəsimi xalqının nağıllar və əfsanələri, zərb-məsəlləri ilə yanaşı musiqisini də sevmişdir.

 

Pedaqoji fikirin inkişafında misilsiz xidməti olan Nəsiminin yaradıcılığına səmimi məhəbbət, dərin ehtiram da məhz bundan yaranmış, pöhrələnmişdir. Şairin misralarını, beytlərini nəzərdən keçirdikcə burada müdrik sözlərin sıx-sıx işlənməsinə, xalq danışığında daha çox istifadə edilən hikmətli ifadələrə, məcaz və metaforalara rast gəlirik.

 

Nəsimi fəlsəfəsi mündəricəli şeirlərində atalar sözü və məsəllərdən daha çox istifadə edir:

 

Çün hər nə kim əkərsən anı biçərsən axır,

Dünyada əkmə anı kim, adı oldu üsyan.

 

Şairin nəsihətverici şeirindən gətirilmiş bu beyt xalq təfəkkürünün məhsulu olan “Nə tökərsən aşına, o da çıxar qaşığına”, “Hər nə əkərsən, onu da biçərsən” kəlamlarının eyni olsa da, forma və yeni məna ifadə etməsi baxımından diqqəti cəlb edir.

 

Özünü dərk edən insanlar kimisə mühakimə etmədən öncə öz doğru, düzgün, yanlış addımlarını gözdən keçirir. Ancaq öz sözünə, hərəkətinə, əməlinə məhəl qoymayan, məsuliyyət daşımayan, özünün kənardan necə göründüyünü görməyən isə başqasında qüsurlar axtarır. Atalarımız bu kimi özünə hörmət qoymayan adamlar haqqında demişdir: “Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır” və yaxud “Özünə umac avammır, başqasına əriştə kəsir”. Nəsimi belə adamları məzəmmət edərək, onları düzgün yola bu şəkildə səsləyir:

 

Öz gözündə tiri qoyub, özgə gözdə tükü görmə,

Uzaq görər öz eybini görən, tükü tükdən seçər.

 

İnsan Nəsimi yaradıcılığının mərkəzində durur. O, dinindən, irqindən asılı olmayaraq hamıya eyni mövqedən yanaşır və insanları dostluğa, xeyirxahlığa səsləyir. Mala, mülkə aludə olmamağa, öz varlığına “arifanə yek” nəzər qılmağa, həyatın və yaşamağın mənasını dərk etməyə çağırır. Nəsimi deyir ki, insanın şərəfi mal-dövlətlə ölçülmür. Yalnız öz şəxsi mənafeyini düşünən, ətrafdakıların, xüsusilə zəhmətkeş kütlənin taleyinə laqeyd münasibət bəsləyən dargözləri, mal-dövlət, sərvət toplamağa can atanları nəzərdə tutan Nəsimi deyirdi:

 

Dünyada mülkə, mala sən aldanma, ey məlik

Kim, dünyanın mətahi bəğayət həqirdir.

 

Nəsimi bir neçə başqa qəzəlində də göstərir ki, var-dövlət insana xoşbəxtlik verə bilməz, kim səadətini var-dövlətdə arayırsa, şübhəsiz yanılır:

 

Qafil olan, öz ömrünü var yığmağa sərf eyləyər,

Öləndəsə Əzrailin hüzurunda boyun bükər.

 

Nəsiminin həcmcə kiçik, məzmunca dolğun “Bəhrül-əsrar” (“Sirlər ümmanı”) əsəri diqqəti cəlb edir.

 

Simuzər yığmaq üçün cəhd eyləmə gündən-günə,

Hər xəzinə torpaq ilə örtülür axır yenə.

Sərvət ilə yüklənərsə gəştisi dövrün əgər,

O, dərin dəryalar içrə qərq olub batmaz məgər?

- deyən şair insanın özünün dərk etməsini əsas və vacib bir məsələ hesab edir.

 

Nəsimi məhəbbət mövzusunda yazmış qəzəllərində dilin sadəliyi, aforizmlərin orijinallığı bariz şəkildə nəzərə çarpır. O, atalar sözü və məsəlləri bacarıqla seçir, onları yeni formada şeirlərinin ahəng və məzmununa uyğunlaşdırır.

 

Ey Nəsimi, aqübət varar yelə,

Bivəfa ilə yeyən nanü nəmək.

Yaddaşımızı araşdırsaq, mərdlik və namərdlik haqqında saysız-hesabsız nümunələr üzə çıxır: “Namərd gəlib mərd olmaz, olmasa mərd atası”, “Namərdin çörəyi dizi üstə olar”, “Keçmə namərd körpüsündən, qoy aparsın sel səni”, “Namərdə yaxa vermə, mərdə arxa ol”. Bu misalların sayını artırmaq da olar. “Xərc eylə dünya varından nə qədər olsa varın” deyən şair sərvət toplayan “zərü ziynət” düşgünlərini özgələr üçün gecə-gündüz çalışan mehtərə bənzədir. Nəsimi dövrünün xəsis təbiətli, sərvətə həris adamlarını “tamahkar”, “həris” adlandırır, onların dövlətlənmək həsrəti ilə sağalmaz bir dərdə, mərəzə tutulduqlarını, bu dərd ilə həyatdan gedəcəklərini xəbər verir və bu sərvət sahiblərinin aqibətlərini belə təsvir edir:

 

Ağlın varsa, gəl gömülmə qızıl üçün torpaqlara,

Mal hərisi məhşər günü siçan kimi çox sürünər.

Tamahkarlıq, hərislik yox, mərd insanda hümmət gərək,

Ömür səmum küləyidir, sərvət, dövlət toza bənzər

“Gərəkməz” rədifli qəzəldən:

Qəmindir könlümün təxtində sultan,

Bir iqlimə iki sultan gərəkməz.

 

Yaxud da:

 

Zər eşqiylə tanrı eşqi sığışmayır bir araya,

Ölkə necə abad olar, iki şahı varsa əgər?!

- kimi beytlər xalqın təfəkkür süzgəcindən süzülən “İki qoçun başı bir qazanda qaynamaz” ifadəsini xatırlatmırmı?! Şair həmin ifadədən istifadə edərək hamının başa düşə biləcəyi bir dildə gözəl, təsirli və səmimi bənzətmə yaratmışdır.

 

Bu və ya digər tərzdə “Yıxılana balta çalan çox olar” ifadəsi də dildə işlənən deyimlərdəndir. Şeirlərinin birində Nəsiminin həmin misaldan faydalanmasını müşahidə edirik. Məhəbbət gülşənində müvəffəqiyyətsizliyə uğrayan aşiq dərdinə əlac, yarasına məlhəm arayır. Lakin bunun müqabilində daha böyük bəlalara mübtəla olur, tənə hədəfinə çevrilir:

 

Könlümün şişəsinə pərri məgəs dəgsə sınar,

Ey həbibim, bəs nədəndir sən atarsan daşlar?

Müddəi gər tən edib başıma qaxar eşqini,

Sınığa vacib deyildir munca atmaq daşlar.

 

İcraçı üçün mahiyyətcə yerinə yetirilməsi müşkül olan bir iş bəzən başqalarına daha asan görünür. Həmin ikinci adam işin çətin olmadığını söyləyir. Belə məqamda bilavasitə proseslə bağlı olan adam “Dillə demək asandır, hünər onu yerinə yetirməkdir”, “Uzaqdan baxana döyüş asan gəlir”, - deyə hikmətli sözlərlə cavab verir. Belə bir vəziyyətin təsviri ilə biz Nəsiminin də şeirlərində qarşılaşırıq. Sevgilisinə qovuşmaq, vüsal həsrəti həqiqi aşiqi sıxır, ona əziyyət verir. Amma kənardan baxanlar bu işi çox ucuz qiymətləndirdikləri zaman o deyir:

 

Ləblərin vəslinə irmək mana müşkül görünür,

Gərçi sordular anı, dil ilə asan dedilər.

 

Nəsimi rübailərində də hikmətli sözlərdən məharətlə istifadə etmişdir. Həqiqət çarçısı olan sənətkar “Doğru söz acı olar”, “Doğru sözdən xəta gəlməz”, “Doğruya zaval yoxdur, çəksələr min divana”, “Yalan ki var, doğrunun quludur” kimi misallardan yaradıcı şəkildə faydalanır:

 

O bilir həqqi ki, yalançı degil,

Hər kim yalan söylər, ol naci degil.

Həccə doğru varmayan hacı deyil,

Doğru söz doğrulara acı deyil.

 

Nəsimi həmişə düzlüyə meyil etmiş, doğruluğu insan həyatının, insan səadətinin ən zəruri şərtlərindən, ən yüksək ləyaqətlərindən hesab etmişdir.

 

Yuxarıda qeyd etdik ki, Nəsimi xalqının nağıllar və əfsanələri, zərb-məsəlləri ilə yanaşı musiqisini də sevmişdir. Şair, xüsusən musiqi tərbiyəsinə də böyük əhəmiyyət vermiş, musiqini haram elan edən yalançı din nümayəndələrinə, sufilərə istehza edərək yazır:

 

Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı

 

Şair musiqini insan mənəviyyatını zənginləşdirən əsas amillərdən biri kimi qiymətləndirir, qəzəllərində musiqinin muğamlarını və hissələrini bir-bir sayır. Gözəl avazla oxunan “Rast”, “Hüseyni”, “Cahargah”, “Segah”, “Əraqi”, “Şahnaz” və s. kimi muğamların vurğunu olduğunu qəzəlində belə qeyd edir:

 

“Zəngulə” sifət nalı qılam zar “Segaha”,

Çün əzmi - “Hicaz” eyləyə məhbubi-xoşavaz.

 

Göründüyü kimi, Nəsimi xalq deyim və duyumlarından istifadə etməklə indiki nəsil və gələcək nəsillərə örnək deyimi?! Xalq pedaqogikasının zəngin ənənələri əsasında kamilləşən İmadəddin Nəsimi Yaxın Şərqin deyim və duyumlarında yaxşı nə varsa öz poetik yaradıcılığında cəmləşdirmiş və özünü xalqın yaddaşına əbədiləşdirmişdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi: ...Nəsimi bütün dünya qarşısında bütün əzəməti ilə ucalır. O, elə bir insan idi ki, hələ uzaq keçmişlərdə cəhalətpərəstlərdən qorxmayıb zülmə, riyakarlığa, mövhumata etiraz səsini ucaltmış, çox-çox irəliyə nəzər salmışdır.

 

Ümumiyyətlə, Nəsiminin atalar sözləri və ya hikmətli sözlərə olan münasibətini dürüst müəyyənləşdirmək, təhlil etmək xüsusi tədqiqat mövzusudur. Biz bu yazıda böyük şairin yaradıcılığından bəzi nümunələrə nəzər saldıq. Xalq yaradıcılığının zəngin xəzinəsindən sənətkarlıqla istifadə etmiş İmadəddin Nəsiminin öz sözləri xalqımız tərəfindən sevilə-sevilə təkrar olunur, zərb-məsəllərə çevrilir.

 

Kamal CAMALOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 


Bölmənin digər xəbərləri