Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing (HPC) Mərkəzinin açılış mərasimi keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Təhsil nazirinin müavini İdris İsayev, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, digər hökumət üzvləri, eləcə də ölkənin aparıcı ali məktəblərinin rektorları, AMEA-nın institut direktorları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı HPC Mərkəzi haqqında məlumat verib. Bildirib ki, yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən müasir elmi istiqamət olan HPC Mərkəzi kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu müxtəlif elm sahələrində kvant mexanikası, hava proqnozlaşdırılması, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi istiqamətlərdə çox böyük tətbiq imkanlarına malikdir. Belə bir mərkəzin təsis olunmasında əsas məqsədin ölkədə HPC ilə bağlı elmi texnoloji məsələlərin həlli və kadr hazırlığını təmin etmək olduğunu deyən  rektor M.Babanlı mərkəzin yaradılmasına 2016-cı ildən başlanıldığını deyib. Qeyd edib ki, keçən müddət ərzində bu istiqamətdə əməkdaşlıq əlaqələri qurulub, mühüm uğurlar əldə olunub. Artıq innovativ inkişaf sahəsində də universitetdə ixtisaslı mütəxəssislər hazırlanır.

 

HPC  Mərkəzinin elmi-təşkilatı işlər üzrə icraçısı Nigar İsmayılova  mərkəzin fəaliyyəti haqqında geniş məlumat verib. Bidirib ki, HPC Mərkəzi 20 hesablama və bir Master hesablama düyünündən ibarət çox təyinatlı klaster kompüter sistemidir, maksimal gücü 6 Pflops-dur. Məsələnin mürəkkəbliyindən asılı olaraq istifadə olunan kompüterlərin sayının azaldılıb çoxaldılması, eyni anda kompüterlərin müxtəlif cür qruplaşdırılması  və əlavə kompüterlərin qoşulmasını təmin edən qrid hesablama sisteminə çevrilə bilməsi imkanı ilə mərkəzin hesablama gücünün artırılması mümkündür. ADNSU-da belə bir mərkəzin yaradılmasında əsas məqsəd HPC-nin nəzəri və tətbiq sahələrində yeni və innovativ tədqiqat ideyalarının yayılması, Azərbaycanın sənaye və elmi mərkəzlərinin proqramlarının həyata keçirilməsidir.

 

Sonra Təhsil nazirinin müavini İdris İsayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edərək ADNSU-da yaradılan HPC Mərkəzinin ölkəmizdə innovasiya proseslərinin inkişafına töhfə verəcəyini vurğulayıblar. Qeyd edilib ki, universitet belə bir ilkə imza atmaqla, cəmiyyətimizin bütün fəaliyyət sahələri üçün faydalı ola bailəcək bir layihəni reallaşdırıb.

 

Sonra mərkəzin fəaliyyəti ilə bağlı iştirakçıların sualları cavablandırılıb, mövzu ərtafında fikir mübadiləsi aparılıb.