Xətai Sənət Mərkəzində “Nəsimi ili” çərçivəsində elan olunan “Doğma diyar” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

 

Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov müsabiqə haqqında məlumat verərək bildirib ki,  müsabiqəyə regionlarından 1200-dən çox uşaq və yeniyetmə virtual qaydada 2000-dən çox əsər təqdim edib. Müsabiqənin şərtlərinə uyğun olaraq, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülüb, ən az müdaxilə (müəllim və valideynlər) olunan, həmçinin əvvəlcə təqdim edilən əsərlər seçilib.

 

Müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə şagirdlərin rəssamlıq sənətinə marağının stimullaşdırılması, onların Vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil edilib.

 

Müsabiqəyə seçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriya üzrə aparılıb. Sonra nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunub.