Naxçıvan Dövlət Universitetində (NDU) 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  müşavirə keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan  bugün, nəinki ölkə miqyasında, hətta dünyada belə əksər ölkələr üçün yaxşı bir nümunəyə çevrilib. Onun sözlərinə görə, muxtar respublikada uğurlu təhsil strategiyası həyata keçirilir.

 

Rektor yaradılan imkanlardan danışaraq  deyib ki, NDU-nun  tədris korpusları demək olar, hər il təmir olunaraq elmi-ictimai heyətin  ixtiyarına verilir.

 

O, universitetin Tibb fakültəsinin qurulması və yüksək maddi-texniki baza ilə təmin olunmasını  göstərilən qayğıya bariz nümunə çəkib:”Fakültənin maddi-texniki baza zənginliyi nəinki ölkə miqyasında, hətta xarici ölkə universitetləri ilə belə müqayisə olunur. Bu faktı universitetə səfər edən müxtəlif qonaqların rəylərində görmək olur. Bu il üçün isə Sosial idarəetmə və hüquq fakültəsi üçün binanın əsaslı təmiri, müasir avadanlıqlarla təchizi, nəzəri və təcrübi dərslərin əyani keçirilməsi üçün simulyasiya otaqlarının qurulması universitetə göstərilən diqqətin birbaşa təzahürüdür”.

 

Rektor universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafından danışaraq, hal-hazırda ali təhsil ocağında 10 ölkədən 800-ə yaxın tələbənin təhsil aldığını qeyd edib, əcnəbi tələbələrin sayına görə də NDU-nun ölkə universitetləri sırasında seçildiyini vurğulayıb.

 

Qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran E.İsayev   ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, 4+1 layihəsi çərçivəsində universitetdə tədrisin ingilis dilində aparılması üçün müvafiq ixtisasların seçilməsi, muxtar respublikanın Tibb istiqamətində kadr potensialının ödənilməsi, orta məktəblərdə nümunəvi dərslərin keçirilməsi, ustad dərslərin təşkili, müvafiq ixtisaslar üzrə təcrübi dərslərin hami təşkilatlarda keçirilməsinə diqqətin artırılması istiqamətində konkret tapşırıqlar verib.