Azərbaycan və Ukrayna alimlərinin apardıqları birgə tədqiqatlar nəticəsində aşkar olunub ki, ölkəmizdəki palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi minerallar və onların nadir növləri mövcuddur.

 

Bununla bağlı olaraq, AMEA-nın Geologiya və Geofizika İnstitutunun alimləri “Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasının aksessor minerallaşması” layihəsi çərçivəsində geniş araşdırmalar aparıblar.

 

Tədqiqatlarda Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası, Geoekologiyası və Çökmə Filizəmələgəlməsi Problemləri Mərkəzinin mütəxəssisləri də iştirak ediblər. Birgə tədqiqatlarda ortaya çıxıb ki,  Azərbaycanın palçıq vulkanlarının sopka brekçiyasında qeyri-adi mineraloji tərkib – təbii əmələ gəlmiş minerallar, qeyri-səciyyəvi sulfatlar, oksidlər, təbii dəmir (vüstit, hematit) minerallar, eləcə də nadir növlər var.

 

Bu isə həmin mineralların dərin flüidlərin təsiri nəticəsində əmələ gəldiyini müəyyən etməyə imkan verir.

 

Sopka brekçiyası vulkandan çıxan püskürmə məhsullarıdır. O, əsasən ətraf süxurlara yad olan sərt süxur qırıntıları ilə gilli kütlə qarışığından ibarət olur.