Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yeni Dissertasiya Şurasının ilk toplantısı keçirilib.

 

Qeyd edək ki, Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevin 2019-cu il 19 dekabr tarixli əmri ilə Ədəbiyyat Muzeyinin nəzdində ED 1.31 qeydiyyat nömrəsi ilə filologiya elmləri sahəsində fəlsəfə və elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün Dissertasiya Şurası yaradılıb. Şuranın sədri akademik Rafael Hüseynovdur. Dissertasiya Şurasının tərkibinə respublikanın görkəmli alimləri daxil edilib.

 

Akademik Rəfael Hüseynov yeni yaradılmış Dissertasiya Şurasının ilk iclasında çıxış edib və bildirib ki, son dövrlərdə humanitar elmlər sahəsində ciddi irəliləyişlər, böyük nailiyyətlər əldə olunub. O, Dissertasiya Şurasında ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı (İran ədəbiyyatı), mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisasları üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiələrinin keçirilməsinin nəzərdə tutulduğunu deyib.

 

İclasda Dissertasiya Şurasının fəaliyyətinin müasir elmi tələblər səviyyəsində qurulması, dissertasiya mövzularına dair şəffaf qərarların qəbulu, müəyyən edilmiş nöqsanların əsaslandırılması, plagiat hallarının qarşısının alınması və s. məsələlər ətrafında müzakirələr də aparılıb.