Xarici dillərin orta məktəblərdə öyrənilməsi zərurətindən, bu istiqamətdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması tələbindən irəli gələrək Abşeron rayonunun ümumtəhsil məktəblərində xarici dil aylığı keçirilib.    

 

Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbdə xarici dil aylığının yekun tədbirində təhsil şöbəsinin əməkdaşları, rayon məktəblərinin direktorları və təcrübəli müəllimlər iştirak ediblər.

 

Əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub, daha sonra rayonun xarici dil müəllimlərinin hazırladıqları nümunəvi dərslər dinlənilib.

 

Tədbirdə dinlənilən dərslərin müzakirəsi keçirilib. Abşeron Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Nazilə Məmmədova ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin aylıq çərçivəsində hazırladıqları tədbirləri yüksək qiymətləndirib.

 

İstedadlı şagirdlərin ingilis, alman, rus, ərəb dillərində təqdim etdikləri çıxışlar və tamaşalara  da baxılıb.

 

Sonda Abşeron RTŞ-nin metodisti Yaydagül Rəhimova  aylıq çərçivəsində görülən işlər barədə hesabatı təqdim edib və hesabat istiqamətində müzakirələr aparılıb.

 

Rəşad  ZİYADOV