Bakı Biznes Universitetində koordinatoru olduğu “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində konfrans  keçirilib.

 

Konfransda  layihənin tərəfdaşı olan Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Odlar Yurdu Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin rektorları,  prorektorları, həmçinin İngiltərədən olan layihə üzrə ekspert Corc Dafolas iştirak edib.

 

Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor  İbad Abbasov açaraq tədbirin aktuallıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Konfransda universitetlər arasında tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi, kreditlərin tanınması, ortaq konfransların, simpoziumların təşkil edilməsi məsələləri də  müzakirə olunub. Həmçinin, layihənin davamlılığının təmin edilməsi üçün qeyd edilən məsələlər üzrə bütün tərəfdaş universitetlər arasında əməkdaşlıq müqavilələri imzalanıb.