E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə istedadlı şagirdlərin inkişaf etdirilməsi işi daim diqqət mərkəzindədir. Məktəbdə birinci  yarımilin yekunlaşması ilə bağlı  bədii qiraətçilər,   poeziya həvəskarları, eləcə də bədii yaradıcılıqla məşğul olanlar, rəsm, tətbiqi, təsviri incəsənətin müxtəlif sahələrinə maraq göstərən, əl  işləri müxtəlif tədbirlərdə nümayış etdirilən şagirdlərin yekun təqdimatları keçirilib. Tədbirə valideynlər və ictimaiyyətin digər nümayəndələri də qatılıblar.

 

Dəfələrlə respublika müsabiqələrinin qalibi olan IX sinif şagirdi Nəzrin Mirzəyeva  Fövqəladə Hallar Nazirliyinin və  Təhsil Nazirliyinin birgə keçirdikləri  “Fövqəladə hallar uşaqların gözü ilə” rəsm müsabiqəsində respublika üzrə 3-cü, V sinif şagirdi Sərxan Muradov isə   20 Yanvar faciəsinin 30 illiyinə həsr olunan rayon müsabiqəsində 1-ci və   bədii qiraət üzrə Şamaxı şəhərində keçirilən  zona müsabiqəsində 1-ci  yeri  tutduqlarına   görə tədbir iştirakçıları tərəfindən alqışlanıb.

 

Tədbirdə Respublika Fənn Olimpiadasının rayon turunda iştirak edən və uğurlu nəticəsi gözlənilən şagirdlərin çıxışları olub.   

 

Sonda məktəbin direktoru Əhmədağa Ələkbərov  təqdimatda iştirak edən bütün şagirdlərə, onların inkişafında əməyi olan pedaqoji işçilərə  öz təşəkkürünü  bildirib. 

                                             

Sevda Qasımova,

İsmayılli şəhəri, müəllim