İtaliyanın Milan Politexnik Universitetinin prorektoru, UNECKO-nun eksperti, professor Federiko Buççi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin müəllimləri və tələbələrinə mühazirə oxuyub.  “1920-2000-ci illərdə Milanın memarlıq məktəbləri” adlı mühazirəsində professor bu dönəmdə görkəmli italyan memarların İtaliyada, eləcə də müxtəlif ölkələrdə müəllifi olduqları memarlıq nümunələrindən danışıb.

         

Mühazirədən sonra F.Buççi AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Rektor Milan Politexnik Universiteti ilə əməkdalığın inkişafından razı qaldığını bildirib, bu əlaqələrin digər istiqamətlərdə (magistratura səviyyəsində ikili diplom, memarlıq abidələrinin bərpası, UNECKO kafedrasının yaradılmasında kömək və s.) də müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

         

F. Buççi universitetlər arasında əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

         

Görüşün sonunda G.Məmmədova dünyanın müxtəlif futbol klublarına məxsus əşyalardan ibarət kolleksiya toplayan F.Buççiyə “Qarabağ” futbol klubunun idman köynəyini və Qobustan dövlət tarixi-bədii qoruğuna həsr olunmuş kitab hədiyyə edib.