Nabrandakı “Təhsil” istirahət mərkəzində “Tələbə həmkarlar ittifaqı komitələri könüllülük hərəkatının təməllərindən biridir” mövzusunda Qış Liderlik Məktəbinə 29 ali təhsil müəssisəsindən 100-dən artıq tələbə cəlb olunub.

 

2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunan tədbirin məqsədi könüllülüyün təbliğinə töhfə verməkdir.

 

Tədbirin açılış mərasimində AHİK sədrinin müavini Aqil Dadaşov bildirib ki, son illər Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Onun sözlərinə görə, bu gün Azərbaycanda könüllülük hərəkatı uğurlu gənclər siyasətinin tərkib hissəsinə çevrilib:” Təsadüfi deyil ki, Prezident İlham Əliyev Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən kompleksin əməkdaşları ilə görüşündə könüllülərin uğurlu fəaliyyətinə toxunub, onların Azərbaycanda keçirilən mötəbər beynəlxalq idman yarışlarındakı fəaliyyətlərini xüsusi qeyd edib. Son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilində on minlərlə könüllü təmənnasız xidmət göstərib”.

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə könüllülük prinsipləri daha da genişlənməyə başlayıb, könüllülük fəaliyyətinin normativ-hüquqi əsaslarının hazırlanması istiqamətində ciddi addımlar atılıb və 2009-cu ildə "Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilib. Bununla da könüllülük hərəkatının inkişafında yeni inkişaf mərhələsinə qədəm qoyulub.

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini deyib. Bildirib ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

 

Vurğulanıb ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan, cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan əsas sosial fəaliyyət istiqamətlərindən biridir.

 

Daha sonra Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov proqramın yaranma tarixi, uğurları, fəaliyyət istiqamətləri, tələbələrə qazandırdığı imkanlardan danışıb və qeydiyyat qaydaları haqqında məlumat verib.

 

Quba “ASAN xidmət” mərkəzinin vətəndaşların qəbulu sektorunun baş məsləhətçisi Xəyyam Şahbazov tələbələrə Azərbaycanda könüllülük fəaliyyətinin tarixi, inkişaf yolu və müasir dövrdə könüllülük fəaliyyətinin həyata keçirilməsinin təmin olunması haqqında  məlumat verib.

 

Açılış mərasimindən sonra Qış Liderlik Məktəbi müxtəlif mövzularda panel müzakirələrlə davam etdirilib.

 

Fevralın 13-dək davam edəcək tədbir çərçivəsində tələbə gənclər arasında müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək, iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edəcəklər.