Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin apardığı genişmiqyaslı struktur islahatları çərçivəsində AMEA Rəyasət Heyəti Aparatının yeni strukturu təsdiqlənib.

 

Akademik R. Mehdiyev AMEA Rəyasət Heyəti Aparatının yeni təsdiq edilən struktur rəhbərlərini qəbul edib.

 

O,  ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatları yüksək dəyərləndirərək, bu istiqamətdə AMEA qarşısında qoyulan vəzifələrdən danışıb, son aylarda Rəyasət Heyətində aparılan struktur islahatlarının nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, alimlər  ölkədə aparılan yeni quruculuq işlərinə səmərəli fəaliyyəti və elmi tədqiqatları ilə töhfə  verməlidir. Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan bütün sahələr kimi, AMEA da yüksək nailiyyətlər əldə etməli, xüsusilə innovativ layihələrin icrasına diqqət yetirməlidir.

 

Struktur islahatlarının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdıran R.Mehdiyev AMEA Rəyasət Heyəti Aparatının idarə və şöbələri qarşısında duran vəzifələrdən, onların əhəmiyyətindən bəhs edib.

 

AMEA-nın akademik-katibi, müxbir üzvü  Əminağa Sadıqov  idarə və şöbələrin yeni mərhələnin çağırışlarına uyğun fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib. O, AMEA Rəyasət Heyəti Aparatının rəhbəri kimi struktur vahidlərinin işinin daha da təkmilləşdirilməsinə çalışacağını da bildirib.

 

Yeni təsdiq edilən idarə və şöbə rəhbərləri adından Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov AMEA-nın yeni inkişaf mərhələsində daha səylə fəaliyyət göstərəcəyini deyib.