Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC istedadı” layihəsi xüsusi istedadı və bacarığı ilə seçilən tələbələri tanıtmaqda davam edir. 

 

Layihə bu dəfə UNEC-in Magistratura Mərkəzinin II kurs magistri Nərmin Qasımovanı tanıdır. Orta məktəbdə təhsil aldığı vaxtlardan rəsmə böyük marağı olan N. Qasımova həmin ixtisasa daha dərindən yiyələnmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə Türkiyənin Orta Doğu Texniki Universitetində Erasmus+ beynəlxalq mübadilə proqramında iştirak edib. Hazırda UNEC-də “Dizayn” ixtisası üzrə magistr təhsili alan N.Qasımova universitetdə təşkil olunan tədbirlərdə fəallıq göstərir, eləcə də rəsm əsərləri ilə müxtəlif sərgilərdə UNEC-i təmsil edir. O, UNEC-lə Almaniyanın Siegen Universitetinin birgə reallaşdırdığı “EE-KEY-AZ” layihəsində də iştirak edərək, həmin proqram çərçivəsində dərslərə qatılıb və diplom qazanıb.

 

Hazırda Epoxy Resin ilə abstrakt üslubda rəsmlər hazırlayan Nərminin əsərləri Azərbaycanda bir ilkdir. O, rəsmlərində qaynaq olaraq, təbiətdə mövcud rəng palitrası və formalardan istifadə edir. N.Qasımova yaratdığı əsərlərdə əsasən, təbiətin insan həyatındakı rolunu, önəmli yer tutmasını cəmiyyətə aşılayır, eləcə də insanlara təbiətə sahib çıxmağın vacibliyini çatdırır.

 

UNEC magistri hazırda təbiətin möcüzələri haqqında elmi tədqiqat işi üzərində çalışır.