Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında 2019-cu il ərzində beynəlxalq uşaq rəsm və incəsənət müsabiqələrində qalib olmuş dərnək üzvlərinin təltifetmə mərasimi və “Qış Möcüzəsi” adlı sərgi keçirilib.

 

Tədbirdə Təhsil Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları, Mərkəzin kollektivi, dərnək üzvləri və digər qonaqlar iştirak ediblər.

 

Tədbir iştirakçılarına ötən il Mərkəzin dərnək üzvlərinin Türkiyənin İstanbul şəhərində “Nəsimi İli”nə həsr olunmuş Beynəlxalq Uşaq Rəsm sərgisində, Rusiyada “Dialoq”, Qazaxıstanda “Kazaxstan qlazami detey mira” adlı beynəlxalq rəsm müsabiqələrində, Yaponiyada 20-ci “Kanaqava Biennalesi” Beynəlxalq İncəsənət sərgisində əldə etdikləri uğurlar haqqında məlumat verilib.

 

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Elnur Əliyev beynəlxalq müsabiqələrin qalibi olmuş dərnək üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü Arif Hüseynov uşaqların bədii zövqlərinin formalaşmasında bu cür müsabiqələrin xüsusi rolu olduğunu qeyd edib.  

 

Təltifetmə mərasimi yekunlaşdıqdan sonra Mərkəzin dərnək üzvlərinin “Qış Möcüzəsi” adlı rəsm sərgisinə baxış keçirilib.