Bakı Slavyan Universitetində (BSU) IV tədris ili tələbələrinin  pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, pedaqoji və istehsalat təcrübəsi tələbələrin həyatında mühüm bir mərhələdir. Tələbə-gənclər tədris prosesi zamanı öyrəndikləri nəzəri bilikləri pedaqoji və istehsalat təcrübəsi zamanı tətbiq etmək imkanı qazanırlar.

 

BSU-nun 431 tələbəsinin  pedaqoji təcrübə, 448 tələbəsinin isə istehsalat təcrübəsi keçəcəyini deyən rektorun sözlərinə görə, təcrübələr 30 tam orta məktəb, 7 uşaq bağçası  35 təşkilatda  nəzərdə tutulub.

 

Pedaqoji və istehsalat təcrübəsi fevral ayının 17-də başlayıb, 14 həftə davam edəcək, mayın 23-də başa çatacaq.

 

N.Əliyeva deyib ki, həm pedaqoji təcrübə, həm də istehsalat təcrübəsi təhsilli gənclərin yüksək səviyyəli mütəxəssislər kimi yetişməsinə  xidmət edir.

 

“Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar, yeniliklər gənclərin dövlət idarəçiliyinə cəlb edilməsinə əlverişli şərait yaradır. Biz inteqrasiya, qloballaşma, rəqəmsal texnologiyalar, sosial şəbəkələr dövründə yaşayırıq. Bizim sizdən böyük gözləntilərimiz var. Siz daim öz bilik və bacarıqlarınızı artırmalı, yüksək milli-mənəi dəyərlərimizə, Azərbaycançılıq ideologiyasına sədaqət ruhunda formalaşmalısınız”-deyən rektor tələbə-gənclərə pedaqoji və istehsalat təcrübəsində uğurlar arzulayıb.