Fevralın 24-də Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində Xocalı  soyqırımının  28-ci  ildönümünə  həsr  olunan  anım  mərasimi keçirilib. Mərasimdə  Pirşağı qəsəbəsindəki Xocalı  şəhər 2  nömrəli  tam  orta  məktəbin,  Bakı  şəhər  200  nömrəli  məktəb - lisey  kompleksinin  müəllim  və  şagirdləri,  Bakı   Şəhəri  üzrə  Təhsil İdarəsinin  5 nömrəli Uşaq–Gənclər  İnkişaf Mərkəzinin  dərnək üzvləri və rəhbərləri  iştirak ediblər.

 

Tədbirdə soyqırım  qurbanlarının  xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.
  

Muzeyin  direktoru,  Əməkdar mədəniyyət  işçisi L.Bayramova   Azərbaycan  xalqının  tarixinə  qanlı  səhifə  kimi  düşən  Xocalı soyqırımının erməni vandalizminin insanlığa qarşı törətdiyi qatı  cinayət olduğunu qeyd edib.
 

Xalq  Təhsili   Muzeyinin   elmi  katibi   İ.Məlikova   “Xocalı  soyqırımı”   adlı  məruzəsində  “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işləri bu soyqırım aktının beynəlxalq ictimaiyyət  tərəfindən tanınması istiqamətində  mühüm addım kimi xarakterizə edib.  

 

Xocalı soyqırımının  canlı  şahidləri – Xocalı  şəhər  2  nömrəli  tam orta məktəbin müəllimləri Səidə Cəfərova, Sevda Məmmədovanın xatirələri tədbir iştirakıçılarında həyəcanlı anlar yaşadıb.  

 

Nəsimi   rayon  5 nömrəli Uşaq–Gənclər  İnkişaf Mərkəzinin  direktoru  K.Mustafayeva  bu faciənin   təkcə  xocalıların deyil,  bütün dünya azərbaycanlılarının  faciəsi olduğunu   və   xalqımızın  yaddaşından  heç  zaman  silinməyəcəyini  vurğulayıb.  


Anım  mərasimində  məktəblilərin  Xocalı  soyqırımını  əks  etdirən  slayd  nümayişi  ilə  müşayiət  olunan  çıxışları,  5 nömrəli UGİM-nin  “Məktəb teatrı” dərnəyi üzvlərinin hazırladıqları  ədəbi-bədii  kompozisiya  və vətənpərvərlik mövzusunda  mahnılar  tədbir iştirakçılarını duyğulandırıb.

 

Sonda  tədbir  iştirakçıları  Xalq  Təhsili  Muzeyi fondunun sənəd  və  materialları,  Bakı  şəhər  məktəblilərinin  rəsmləri  əsasında təşkil  edilən  “Xocalı soyqırımı”  adlı  sərgi ilə  tanış  olublar.