Bütün xəbərlər
28 noyabr, 10:10

Elə şəxslər var ki, onların nurlu siması, hikmətli sözləri və müdrik məsləhətləri ömür boyu unudulmur. Bu müqəddəs insanlar - müəllimlərdir. Şair Musa Yaqubun şeirində deyildiyi kimi:

Bizimlə həmyaşdır, bitməz yorulmaz,
Daima yol gedir müəllim ömrü,
Hamıya pay verib ömründən bir az
Məndədir, səndədir müəllim ömrü...

Müəllim sözünün özündə belə bir ucalıq, bir müdriklik var. Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyev müəllimin cəmiyyətdə tutduğu mövqeyini yüksək qiymətləndirərək demişdir: "Mən müəllim adından uca bir ad tanımıram". Bəli, müəllim cəmiyyətin mənəvi memarlığını öz çiyinlərində daşıyan fədakar insandır. Hər bir şagirdə fərdi yanaşmaq, onların qəlbinə yol tapmaq, potensiallarını üzə çıxarmaq və gələcəyə hazırlamaq əsl müəllimin başlıca vəzifələrindəndir. Onlar təkcə bilik vermir, həm də mənəvi dəyərləri, əxlaqi prinsipləri aşılayır, vətənpərvərlik ruhunu yüksəldir, dövlətə və cəmiyyətə milli və ümumbəşəri dəyərlərə əsaslanan layiqli vətəndaş yetişdirirlər.

Belə pedaqoqlarımızdan biri Abşeron rayon M.Ələkbərov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi Radə Adıgözəlovadır. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə ixtisaslı gənc kadr kimi 1980-1988-ci illərdə Respublika Elmi-Tədqiqat İnstitutunda başlayıb, 1989-cu ildən etibarən isə ömrünü məktəb həyatına həsr edib. Zəngin pedaqoji təcrübəyə malik olan Radə Adıgözəlova uzun müddət həmin məktəbdə fizika metodbirləşməsinə rəhbərlik edib. Hazırda isə həm fənn müəllimi, həm də sinif rəhbəri kimi fəaliyyət göstərir. Hesab edirəm ki, bu amil gənc müəllimlərimizin qocaman pedaqoqlarımızın təcrübəsindən faydalanmaları üçün gözəl fürsət olub.

Bəli, əsil pedaqoq öz fəaliyyətində daim yenilikçi olmalı, müasir təlim metodlarını mənimsəməli və tətbiq etməlidir. Axı müəllimin peşəkar inkişafı fasiləsiz bir prosesdir. Təsadüfi deyil ki, 2012-ci ildə həmin məktəbdə ilk dəfə yeni, müasir təlim metoduna və kurikulum standartlarına əsaslanan 11-ci siniflərə açıq dərsi məhz Radə müəllim keçib. Onun yüksək pedaqoji ustalığı və müasir təlim yanaşmalarını təcrübəyə çevirmə bacarığı, şagirdlərin dərsə marağını artırmaqla yanaşı, onların elmi düşüncə və analiz qabiliyyətlərini də gücləndirmişdir. Bu yenilikçi dərs nümunəsi təkcə məktəb səviyyəsində deyil, bölgə üzrə digər müəllimlər üçün də dəyərli bir təcrübə və uğurlu nümunə olaraq qiymətləndirilib. Bəli, qocaman müəllimlərin hər bir dərsi onun şagirdləri üçün yeni bir kəşf, yeni bir təcrübədir və müəllimlərin uğuru şagirdlərinin nailiyyətlərində əks olunur.

40 ildən artıqdır ki, ona doğma olan bu məktəbdə yorulmadan pedaqoji fəaliyyət göstərən Radə Adıgözəlovanın bu illər ərzində yetişdirdiyi yüzlərlə şagird yalnız fizika elminin əsaslarını öyrənməklə kifayətlənməyərək, onun əzmkarlığı, tələbkarlığı və dərin biliklərindən ilhamlanaraq elmə və təhsilə olan sevgisi ilə zənginləşib. Qocaman müəllimin şagirdləri bu gün müxtəlif ictimai-siyasi və sosial-mədəni həyatın müxtəlif sahələrində ölkəmizin inkişafına töhfə verən savadlı və məsuliyyətli vətəndaşlar kimi formalaşıb, müəllimlərinin əməyini layiqincə təmsil edirlər.

Onun həyat yolu xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zirvəsinə bənzəyir. Elinə, obasına, xalqına sevgisi sonsuzdur, əbədidir, ülvidir, müqəddəsdir. Bu gün ahıl yaşında da rahatlığını birinə gərəkli olmasında, ona əl tutmasında tapır. Bu da bu ali insanın böyüklüyündən irəli gəlir.

Deyirlər hər kəsin qəlbində Allahın bəxş etdiyi bir işıq zərrəciyi olur. O zərrəciklər isə insanların mənalı zəhmətinin hasil etdiyi enerji ilə şölələnib özündən sonrakı nəsillərin gələcək həyat yollarına işıq saçır. Bu nur mənbəyi xalqın maariflənməsi, savadlanması, yaxşı yaşaması, firavanlığı üçün çalışan adamların zəhməti ilə birləşəndə daha yaxşı olur. Fransa yazıçısı İ.Labrüer deyirdi ki, dünyada ən çətin iş layiq olduğun şöhrətə çatmaq və onu qoruyub saxlamaqdır. Radə Adıgözəlova bu hörməti, şöhrəti qazanıb və bu illər ərzində qoruyub saxlaya bilib.

Ölkə başçısı cənab İlham Əliyevin "Biz istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə alsın" fikrini fəaliyyət devizinə çevirən Radə müəllim ömrünü həmin yüzlərin ömrünə gilə-gilə, qətrə-qətrə paylayıb. Hələ 25 yaşında gənc müəllim kimi fəaliyyətə başlayıb, uzun bir yola çıxdı, qara saçlarını bəyazladı, yaşa doldu, lakin yarım əsrlik bir dövr ərzində hər şeydən çox sevdiyi məktəbindən ayrılmadı. Onun üçün məktəb həyatın özü idi və indi məktəblə yaşayır, məktəblə nəfəs alır. Bu illər ərzində təlim-tərbiyəsi ilə məşğul olduğu övladlarının həqiqi vətəndaşlar kimi formalaşması üçün Vətəninə, xalqına təmənnasız xidmət edib, təhsil sahəsində qüsursuz fəaliyyət göstərib, el-obada hörmət və sevgi qazanıb.

Radə müəllimin yetişdirdiyi bir neçə şagirdin 44 günlük Vətən müharibəsində şəhid olması onun qəlbində dərin yaralar açıb, bu ağır itkilər onun yaddaşında silinməz izlər buraxıb. Torpaqlarımızın işğaldan azad olunması və Vətən müharibəsində ölkəmizin tarixi zəfəri təcrübəli pedaqoq üçün həm sonsuz qürur mənbəyi, həm də itirdiyi şagirdlərin xatirəsinə duyduğu dərin kədər ilə dolu bir qələbədir.

Yazımı Radə müəllimin həm Vətənə olan sonsuz sevgisini, həm də qəhrəman Vətən övladlarının əbədi xatirəsini tərənnüm edən aşağıdakı şeiri ilə yekunlaşdırıram.

Zaman-zaman dağ çəkdilər sinənə,
Əyilmədin, baş əymədin düşmənə.
Göylər nalə çəkdi sənin zülmünə.
Elimin gözəli, əzəli Şuşam,
Ay mənim anamın vətəni Şuşam!

Həsrətlə baxırsan ordan bu yana,
Topxana meşəsi köksündə yara.
Cıdır düzümüz də geyinib qara,
Elimin gözəli, əzəli Şuşam,
Ay mənim anamın vətəni Şuşam!

İsa bulağın da qonaqsız qalıb,
Dağların meşəsiz, bulaqsız qalıb,
Ağaclar kəsilib, budaqsız qalıb,
Elimin gözəli, əzəli Şuşam,
Ay mənim anamın vətəni Şuşam!

Üzeyir dühası, Bülbülün səsi,
Vaqifin qiymətli söz xəzinəsi,
Havalansın Xanın zil şikəstəsi,
Elimin gözəli, əzəli Şuşam,
Ay mənim anamın vətəni Şuşam!

Xarı bülbül əsir düşüb nə vaxtdır,
Bizimçün müqəddəs doğma torpaqdır.
Ucalan səsimiz, işimiz haqdır!
Elimin gözəli, əzəli Şuşam,
Ay mənim anamın vətəni Şuşam!

Qurban olaq əsgərinə, orduna,
Halal olsun Azəri-Türk oğluna!
Az qalıbdır, yetişərlər dadına,
Elimin gözəli, əzəli Şuşam,
Ay mənim anamın vətəni Şuşam!

Türkün dostu Türk oğludur, həyandır,
Sərkərdəmiz İlham – Qızıl Arslandır.
Qarabağ, Qarabağ Azərbaycandır!
Elimin gözəli, əzəli Şuşam,
Ay mənim anamın vətəni Şuşam!
Muğamın beşiyi, beşiyi Şuşam!

Rafiq Novruzov,
Filologiya elmləri doktoru, professor 

Şərhlər

Xəbər lenti

15 fevral, 23:10

"Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu" keçirilib

15 fevral, 17:50

SDU-da “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi” mərasimi keçirilib

15 fevral, 17:45

RFO-nun informatika fənnindən yarımfinal mərhələsi keçirilib

15 fevral, 12:11

Bağça müdirləri və tərbiyəçi-müəllimlərin ictimai dinləməsi keçirilib

14 fevral, 20:03

Sabirabadda məktəbin həyətyanı sahəsindəki yardımçı tikilidə yanğın olub

14 fevral, 18:19

LDU-da maarifləndirmə tədbiri keçirilib

14 fevral, 17:44

Uşaqlar üçün yazılan kitablara maraq necədir? – Naşirlərdən açıqlama

14 fevral, 17:34

Heydər Əliyev Fondu tərəfindən inşa olunan daha 20 məktəb istifadəyə veriləcək – VİDEO

14 fevral, 17:15

Uşaq ədəbiyyatı yazılmır deyə oxunmur, yoxsa oxunmur deyə yazılmır?

14 fevral, 16:37

ADPU-da şagirdlərə kitablar hədiyyə edilib

14 fevral, 16:29

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

14 fevral, 16:26

AzMİU tələbələri “Microsoft” sertifikatı əldə etmək imkanı qazanıblar

14 fevral, 16:21

Tələbələr beynəlxalq logistika sertifikatını əldə etmək imkanı qazanacaqlar

14 fevral, 16:19

ADPU-da "Məktəbəqədər təhsildə uşaqyönümlü mühitin təşkili” təlimi davam edir

14 fevral, 15:58

Nazir Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb

14 fevral, 15:52

Lənkəran-Astara bölgəsində 4 yeni məktəb istifadəyə veriləcək

14 fevral, 15:16

“STEAM Azərbaycan”ın ölkə turnirlərinin təqvimi açıqlanıb

14 fevral, 15:09

“Xeyirxahlıq” “süni intellekt”ə qalib gəlib

14 fevral, 14:12

"SABAH.city" şəhərciyində nələr olacaq?

14 fevral, 13:53

"SABAH.city" layihəsi çərçivəsində Anlaşma Sazişi imzalanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.