Bütün xəbərlər
15 yanvar, 17:31

Bir müddət Gəncədən anasının, bacısının, yaxınlarının kompüterlərini, sonra göstərdiyi texniki dəstəyin qarşılığında “icarəyə götürdüyü” 3D model printerləri işlədiyi məktəbə daşıdı. Bu “dərd”ini Azərbaycan müəllimlərinin XVI qurultayında dilə gətirdi, dərman da orada tapıldı.

2018-ci ildən Şəmkir rayon Seyfəli kənd Müşfiq Süleymanov adına tam orta məktəbin informatika müəllimi Rəna Heydərzadənin çox maraqlı peşə yolu var. Bu yol onu ABŞ-yə də aparıb çıxarıb ki, “Azərbaycan müəllimi” də məhz o yolun izinə düşüb.

“Müəllimliyi Sabirabadda sevdim”

Rəna Heydərzadə Gəncə şəhərində doğulub və buradakı Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta məktəbdən 2012-ci ildə məzun olub. Əvvəlcə Gəncə Dövlət Universitetində “İnformatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində “İnformatikanın tədrisi metodikası və metodologiyası” üzrə magistr təhsili alıb. Bakalavr təhsilini tamamladıqdan dərhal sonra müəllimlik fəaliyyətinə başlayıb. Məzun olan kimi müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb və mümkün 60 baldan 48-ni toplayıb: “İxtisasım üzrə bütün suallara cavab yazmışdım, ancaq kurikulumdan cavabsız qoyduğum suallar da vardı”.

2016-cı ildə keçirilən imtahanlardan uğur qazanandan sonra sıra gəlib çatıb yer seçiminə, o da verdiyi qərarla Sabirabad rayonunun Qaralar kənd tam orta məktəbində işə başlayıb: “Magistratura təhsilimə mane olmayacaq bir yer seçməli idim. Qaralar kəndində cəmi 7 saat dərs yükü vardı və bu da mənə sərf edirdi. Hər həftənin bazar günü Bakıdan Sabirabada gedirdim. I gün dərslərimi keçib geri qayıdırdım”.

Həmin vaxt həm də magistratura təhsili alan R.Heydərzadə 2016-2018-ci illəri belə xatırlayır: “Magistr tələbəsi idim, yoldaşlarım maraqlı həftəsonu planlaşdıranda mən kəndə işləməyə gedirdim. Bəlkə bir gənc üçün təəssüfləndirici ola bilərdi, amma mənim üçün çox maraqlı gəlirdi. Ailəmdən kilometrlərlə uzaqda, bir kənd mühitində keçirdiyim həftəsonu çox cəlbedici görünürdü”.

Bu fəaliyyət ona müəllimliyi sevdirib: “Motivasiyaedici səbəblərdən biri də məktəbin həmin vaxtkı direktorunun münasibəti idi. Sadəcə, o, yox, ailəsi də məni həvəslə qarşılayırdı. Hətta ailə üçün maraqlı olan hər şeyi həftənin sonuna saxlayır, ən yaxşı yeməkləri mən gedəndə hazırlayır, təndir qalayır, çörək bişirirdilər. Həmin gün ailənin qızları da gəlir, bütün ailə toplaşırdılar. Bakıda, ailəsindən uzaqda tək yaşayan biri olaraq böyük ailə ilə maraqlı gün keçirmək mənə yaxşı təsir edirdi”.

“Mən şagirdlərimə kompüteri açmağı, onlar mənə odun qalamağı öyrətdilər”

Rəna Heydərzadə Qaralarda əsl kənd həyatı yaşayıb: “İndi də kənddə işləyirəm, hazırda işlədiyim Seyfəli kəndi innovasiyalardan uzaq deyil. Qaralar kəndində, demək olar ki, maşın görə bilməzdin, qızlar məktəbə gəlmirdi, sinifdə ancaq oğlanlar idi, elə bil tam yox, ümumi orta məktəbdə çalışırdım. Hər sinifdə 5-6 uşaq təhsil alırdı. Kompüteri olmayan məktəbdə informatika müəllimi idim. Hər həftə kəndə gedəndə kompüterimi də özümlə aparırdım. Mən şagirdlərimə kompüteri açmağı, onlar mənə odun qalamağı öyrətdilər. Bakıya qayıdanda his iyindən heç kim yanımda oturmaq istəmirdi”. 

Kənddən kəndə yerdəyişmə 

Magistratura təhsilini bitirib Gəncəyə qayıdıb: “Yerdəyişmə müsabiqəsinə qatıldım. Gəncə şəhərində informatika üzrə boş yer yox idi. Şəmkirin Seyfəli kəndində olan yeri seçdim. Düşünürdüm ki, kənd mühiti mənim üçün yeni deyil, ancaq bu kənddə tamamilə yeni şərait, fərqli mühit olduğunu gördüm. Məktəb poliqona yaxın olduğundan səhərlər avtobusda ancaq hərbçilər olurdu, bir də mən”. 

Fəal karyera həyatından birdən-birə passiv kənd mühitinə düşüb: “Magistratura təhsili aldığım dövrdə boş vaxtım olmurdu. Dövlət İmtahan Mərkəzinin markeri idim, “Baku Modern School”un summativlərinin hazırlanmasında iştirak edirdim. Amma Gəncədə iş tapa bilmirdim, burada iş imkanlarım azalmışdı. Əlavə iş görə bilməmək məni narahat edirdi. İngilis dili üzrə bacarıqlarımı təkmilləşdirirdim, ancaq bu, mənim üçün yetərli deyildi”.

Axtarışlardan sonra Azərbaycan Texnologiya Universitetində iş tapıb: “2 semestr informatika dərsi keçdim. Bu da tam fərqli təcrübə idi. Amma çox keçmədən anladım ki, universitetdə işləmək mənə görə deyil, uşaqlarla işləyərkən özümü daha faydalı hiss edirdim”.

“Düşünürdüm ki, bu kənddə nəsə etmək lazımdır”

Rəna müəllim düşünürdü ki, bu kənddə nəsə etmək lazımdır. Bu qərara gələndə məktəbdə 3-4 işlək kompüter olub: “Yeganə informatika müəllimi idim. Bir sinifdə 20-25 şagird vardı. 2019-cu ildə bizə bir neçə kompüter verdilər, amma yenə az idi. Evdə ailə üzvlərimin kompüterlərini yığıb məktəbə aparırdım. Bu vəziyyəti dəyişmək üçün nə edə biləcəyimi araşdırırdım. “Rəqəmsal bacarıqlar” layihəsi olduğunu öyrəndim. Layihə olan məktəblərə internet şəbəkəsi çəkilir, şagird sayına uyğun olaraq siniflər qruplara bölünür, kompüterlər quraşdırılır. Bizə məhz bu layihə lazım idi və məktəb rəhbərliyinə bununla bağlı müraciət etdim”.

Müəllimin səylərindən sonra “Rəqəmsal bacarıqlar” layihəsi məktəbə gəlib: “Məktəbimizə 40 ədəd kompüter, yeni proyektorlar gətirildi, internet şəbəkəsi çəkildi. Şagirdlər də çox sevindi. “Kod saatı” adlı müsabiqəyə qatıldıq. Şagirdlərim finala qədər olan mərhələlərin hamısında iştirak etdilər. Finala çıxa bilməməyimizi, sadəcə, ilk dəfə yarışda iştirak etməyimizlə bağlayıram”.  

İnformatikanı STEAM dərsinə çevirdi

2020-ci ildən təlimçi kimi də fəaliyyət göstərən R.Heydərzadə Təhsil İnstitutunun və “STEAM” layihəsinin təlimçisidir: “Məktəbimizdə “STEAM” layihəsi olmasa da, mən onu da uşaqlara öyrədə biləcəyimi düşündüm. Fürsət tapanda qrafika, dizayn dərsləri keçirdim. Uşaqlar yaxşı işləyirdi, amma printerimiz yox idi ki, biz onu çap edək, hazırladıqları dizaynları vizual olaraq görə bilsinlər. Gəncə STEAM Mərkəzində koordinator olduğumdan mərkəzin imkanlarından istifadə edə bilirdim”.

STEAM layihəsindən tanıdığı və əlaqələr yaratdığı müəllimlərin də köməyindən istifadə etməyə başlayıb: “Müəllimlərdən biri məndən kömək istədi. Həmin müəllimin printerini düzəltdim, qarşılığında pul təklif etdi, mən də bir müddət istifadə etməyimiz üçün printeri bizə verməyini xahiş etdim. 1-2 ay istifadə etmək şərti ilə başqalarının da printerlərini düzəldirdim. Bir sözlə, 2019-cu ildən Gəncədən, Şəmkirdən məktəbimizə printerlər daşıyırdım”.

2020-2022-ci illərdə Fizika-riyaziyyat və informatika təmayüllü liseydə STEAM müəllimi kimi də uğur qazanıb: “Həmin vaxt maraqlı müsabiqələr təşkil edilirdi. Şagirdlərimizi yarışlara hazırlaşdırdım və uğur qazandıq. Məktəb komandası bir dəfə III yerə layiq görüldü, sonra II yeri tutduq. Azərbaycanda keçirilən “Teknofest”də iştirak etdik. Liseyin STEAM Mərkəzi olduğundan onları yarışa hazırlamaq üçün hər cür texniki imkanlarımız vardı. Mentoru olduğum komanda II yerə layiq görüldü”.

Kənd müəlliminin sorağı ABŞ-dən gəlir

Kənd müəlliminin sorağı yavaş-yavaş ətrafa da yayılıb. Onu uğurlu kənd müəllimi kimi Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının II şəbəkələşmə forumuna dəvət ediblər: “Tədbirdə kənd müəlliminin uğur hekayəsi ilə çıxış etdim. Orada dedim ki, müəllim üçün uğura gedən yol heç də dəbdəbəli məktəblərdən keçmir. İlk işlədiyim kənddə informasiya texnologiyalarından istifadə bacarıqları formalaşdırırdıq”.

Sonra o, ABŞ-yə getmək üçün seçilən 26 müəllimdən biri olub. ADA-nın “Bir müəllimin manifesti” proqramının 2022-ci il qalibi olmaq, onun öz ifadəsi ilə desək, “müəllim kimi kənddən Amerikaya açılan cığır” sayılır: “Bu proqram sayəsində özümü inkişaf etdirə bildim. ABŞ-də müxtəlif məktəblərə səyahət etdik. Dil bacarığım da inkişaf etdi”. 

Müəllimlərin XVI qurultayında Rəna Heydərzadə də vardı. Region müəllimi kimi uğurları ona ölkə müəllimlərinin XVI qurultayında iştirak imkanı yaradıb: “Hər kəs öz ixtisasına uyğun panellərdə iştirak edirdi. Mən “Rəqəmsallaşma - süni intellektin transformasiyası” panelinə qatıldım. Paytaxt məktəblərində şagirdlərin daha sürətlə inkişaf etdiyi vurğulandı, onların innovativ texnologiyalardan tez xəbər tutduqları qeyd edildi. Öz fikrimi bildirərək dedim ki, rayon məktəblərində də çox istedadlı uşaqlar var. Düzgün yol göstərən, həyatlarına yön verən olsa, onlar da bacarıqlarını formalaşdıra bilərlər. Məktəbimizdən və öz fəaliyyətimdən nümunə gətirib kompüterlərimizin köhnə olduğunu, “Rəqəmsal bacarıqlar” layihəsi sayəsində hər şeyin dəyişdiyini qeyd etdim.

Uşaqlarımızın bunun sayəsində necə həvəsləndiyini diqqətlərinə çatdırdım. Məktəbimizdə “STEAM” layihəsi olmadığına baxmayaraq, şagirdlərimə hər fürsətdə qrafika işlətməyimdən, “Adobe Illustrator” ilə məşğul olduğumuzdan, leqo kodlama, robototexnika öyrəndiyimizdən danışdım. Halbuki STEAM layihəsi olmayan məktəblərdə bunlar keçilmir. Yaxşı nəticə verdiyini, ancaq şagirdlərimizin hazırladıqları prototipləri çap etməkdəki çətinliklərimizi də dedim. Elə oradaca Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bizə printer hədiyyə edə biləcəyini söylədi. Düzü, çox sevinsəm də, geridönüş olacağına inanmamışdım. Amma “PMD Group”dan zəng edərək hansı marka printeri istədiyimi soruşanda qulaqlarıma inana bilmədim. Mənə “Creality Ender-3 S1” 3D printer hədiyyə etdilər”.

Hədiyyə Rəna müəllimi də, şagirdlərini də çox sevindirib: “Otağımızdakı dibçəkləri belə 3D printerində çap etmişik. İndi isə dron qururuq”.

“Anam kimi yaxşı müəllim olmağı bacardım” 

Rəna müəllim həm də təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibidir: “8 min manat məbləğində qrant qazandım və hazırda layihəni Seyfəli kənd tam orta məktəbində həyata keçirirəm”.

Rəna Heydərzadə “Azərbaycan müəllimi” qəzetinin 100 illiyi münasibətilə elan olunan müsabiqəyə də qatılaraq qəzetimizin uğurlu rebrendinqini hazırlayanlardan biri olub: “İkinci ən çox bəyənilən loqonu rəfiqəmlə hazırladıq”. 

Uğurları sayəsində çoxlu iş təklifləri alan Rəna Heydərzadə onlardan birini qəbul edib: “Xəzər Universiteti Gəncə Dünya məktəbinin STEAM və İKT müəllimiyəm. Gəncə Dünya Məktəbi kənd məktəbində qurduğumuz dronun detallarını belə almağa kömək edir, müəllim kimi fəaliyyətimi dəstəkləyir”. 
Rəna müəllimin bir dəstəkçisi də var, onun anası - Gəncə Dövlət Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiyə Hacımuradova: “Anam həmişə mənə deyirdi ki, müəllim qızı müəllim olar. İş elə gətirdi ki, onun dediyi kimi oldu. Anam kimi yaxşı müəllim olmağı bacardım”.

Şərhlər

Xəbər lenti

19 fevral, 17:15

Gəncə-Daşkəsən regionunda tərbiyəçi-müəllimlərin işə qəbulu başlayıb

19 fevral, 17:04

İdeyalarını biznes layihələrinə çevirirlər – İnnovasiya Mərkəzinin startapları 

19 fevral, 16:38

Ucqar ərazilərdə işləyən müəllimlərə hansı imtiyazlar verilir?

19 fevral, 16:27

Övladları Bakı və Sumqayıtda I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ!

19 fevral, 16:22

BDU Özbəkistan universiteti ilə ortaq proqramlar hazırlayacaq

19 fevral, 16:04

"Yenilənən məktəblər": Quba rayonu Vəlvələ kənd tam orta məktəbi – FOTOLAR

19 fevral, 15:29

“Maarifçi”lər nazirlik və tabe qurumlarında əmək fəaliyyətinə başlayıblar

19 fevral, 15:29

Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

19 fevral, 14:31

UNEC “QS Stars” reytinq qiymətləndirməsində 5 ulduz əldə edib

19 fevral, 14:30

Peşə məktəblərinin mühəndis-pedaqoji heyəti Türkiyədə təlim keçir

19 fevral, 13:57

Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda şagirdlər üçün “Açıq qapı” günü keçirilib

19 fevral, 13:50

Keyfiyyət monitorinqinin nəticələrinə dair görüş keçirilib

19 fevral, 13:49

"Sabahın alimləri" müsabiqəsinin final mərhələsinin tarixi bəlli oldu

19 fevral, 12:42

Ölkənin ən çox şagirdi olan məktəbindən REPORTAJ

19 fevral, 12:16

Məktəblərin mikroəraziləri ilə bağlı müraciətlər cavablandırılır

19 fevral, 12:10

Cənub bölgəsindəki məktəblərin vakant yerlərinə işə qəbul üçün imtahan keçiriləcək

19 fevral, 11:51

Göygöldə "PeşədəSən" adlı forum keçirilib

19 fevral, 11:39

Azərbaycanın ilk veb-saytının yaradılmasından 30 il ötür

19 fevral, 11:30

Qarabağ Universiteti vakansiya elan edir

19 fevral, 11:21

Nazir müavini 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.