Bütün xəbərlər
13 yanvar, 15:06

Müəllimlərin tədris etdiyi fənlər, işlədiyi məkanlar bir-birindən fərqlənir. Amma müəllim adını hər şeydən üstün tutanların hissləri, duyğuları eynidir. Hansı nəslin nümayəndəsi olmasından asılı olmayaraq, peşəsinə məsuliyyətlə yanaşan, onu şərəflə yerinə yetirən müəllimlər sevgisini şagirdləri arasında bərabər paylaşdırır. 

Şagirdlərinin sevincini öz uğuru hesab edən gənc müəllimlərdən biri Niyaməddin Məhərrəmovdur. "Azərbaycan müəllimi" qəzeti onunla müsahibəni təqdim edir. 

Müsahibəyə keçməzdən əvvəl onun haqqında qısa məlumat verim. Niyaməddin Məhərrəmov əslən Cəbrayıl rayonunun Dağtumas kəndindəndir. Orta təhsilini Kürdəmirdə və Biləsuvar rayonunda yerləşən ümumtəhsil məktəblərində alıb. Hazırda Biləsuvarda yerləşən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta və Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəblərində ingilis dili müəllimi işləyir. 

- Niyaməddin müəllim, adətən, kişilər müəllimlik peşəsinə o qədər də maraq göstərmirlər. Bu peşədə sizin idealınız varmı?

- Bəli, bu gün müəllimlərin əksəriyyəti qadındır. Təbii ki, bunun müxtəlif səbəbləri var. Məsələn, mən ilk vaxtlarda, sadəcə, işlə təmin olunmağı düşünürdüm. Ancaq qısa zamanda şagirdlərin üzündə yaranan o kiçicik bir təbəssüm sayəsində hiss elədim ki, bu peşə nə qədər qürurvericidir. 
Açığını desəm, hər bir kəs özünün ən sevdiyi insanı təqlid edir. Mən də təhsilimdə, eləcə də həyatımda böyük rolu olmuş ingilis dili müəllimim Cəmil müəllimi təqlid edirəm. Belə deyim, Cəmil müəllimin yeni “versiya”sı olmağa çalışırdım. Təvazökarlıqdan uzaq olsa da, deyəcəm: məncə, heç pis də alınmır.

- İlk dəfə şagirdlərin qarşısına çıxmaq, öyrəndiklərinizi öyrətmək çətinliklər yaratdı? 
- Şagirdlərə təqdim olunmağım təhsil fəaliyyətimdə ən yaddaqalan günlərimdəndir. Çünki universiteti bitirib həqiqi hərbi xidmətə yollanmışdım və qayıtdıqdan sonra müəllimlərin işə qəbul imtahanında iştirak edərək şagird olduğum məktəbdə müəllimlərimlə birgə fəaliyyətə başlamışam. Mənim üçün fərqli hisslər idi. Bəlkə də indi o an hiss etdiklərimi sözlərlə anlada bilmərəm. Dünən şagirdi olduğum, dərs aldığım müəllimlərlə bu gün çiyin-çiyinə çalışan iş yoldaşıyıq. Əmək fəaliyyətim dövründə 6-7 ay fərqli vəzifədə çalışmışam, yəni bir az müəllimliyə ara vermişəm. Cəbrayıl Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsində çalışdım. Mənə göstərilən etimad və diqqət üçün minnətdaram. Hər zaman dəstəyi hiss etmişəm. Amma həmin zaman özümdə bir boşluq hiss edirdim. Şagirdlərimlə, onların uğurları ilə bağlı fikirlər, ingilis dilində ən sadə bir mətni tərcümə edərkən bu sahəyə olan həvəsim məni bir an da olsun tərk etmədi. Elə bil özümdən uzaqlaşmışdım. Hər dəfə daha da əmin olurdum ki, mən müəllimlikdən başqa peşədə özümü tapa bilmirəm. Qeyd etdiyim kimi, 6-7 ay işlədim, sonra öz istəyimlə işimdən azad olunub yenidən imtahan verərək müəllimlik peşəmə qayıtdım. Cəmiyyətdə hər bir insanın öz missiyası var. Bəziləri lider, bəziləri biznesmen, bəziləri də müəllim olmaq üçün dünyaya gəlir. Müəllimlik kimi bir peşədə olduğum üçün özümü şanslı hiss edirəm. Çətinliklər qaçılmazdır, əsas işin öhdəsindən gəlməkdir. 

- Bir az dərs metodunuzdan danışaq. Yeniliklər tətbiq edirsiniz, yoxsa ənənəvi üsullardan istifadənin daha yaxşı olduğunu düşünürsünüz? 
- Fəaliyyət dövrümün çox hissəsi ibtidai siniflərin payına düşür. İbtidai sinif metodikam tamamilə fərqlidir. İKT-nin imkanlarından - proyektorlardan, şəkillərdən, slaydlardan və digər vasitələrdən istifadə edirəm. Bacardığım qədər dərsi əyani vasitələrlə başa salmağa çalışıram. Uşaqların ingiliscə daha çox söz öyrənməsi, dərs prosesində bacardıqları qədər ingilis dilində danışması insana çox motivasiya verir. Onları yeniliklərə hazırlamaq lazımdır. İmtahanlarda sualların dinləmələrlə olduğunu, həmin zaman vaxt bölgüsünün düzgün aparmağın vacibliyini nəzərə alsaq, deyə bilərik ki, yeniliklər qaçılmazdır.

- Repetitorluqla məşğul olursunuz? Ümumiyyətlə, “yüksək nəticə əldə etmək üçün mütləq repititor lazımdır" fikri ilə razısınız? 
- Günlərlə danışa biləcəyim, özü də ürək dolusu danışacağım mövzuya toxundunuz. Düşünürəm ki, repetitorluq şagirdin yaradıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Soruşsanız ki, şagirdlərlə əlavə məşğul olursunuz? Bəli, həftənin müəyyən günlərində şagirdlərlə, xüsusən buraxılış siniflərdən oxuyanlarla məşğul oluram, amma bunu ödənişsiz edirəm. Onların istirahət haqqına girmədən nəticələri yaxşılaşdırmağa çalışırıq.

- İngilis dili dərslərində əlavə vasitələrdən - lüğət, qrammatika kitabları, iş dəftərləri, eləcə də digər vəsaitlərdən istifadə mütləqdir. Sizcə, bu qədər vəsaitə ehtiyacın duyulması dərsliklərdə əhatəliliyin az olmasının nəticəsi sayıla bilər? 
- Dil davamlı inkişafdadır. Yeni sözlərin alınması, onların özününküləşdirilməsi davamlı prosesdir. İngilis dilində əlavə tədris vasitələrindən istifadə özünüinkişaf məqsədilə olmalıdır. 1-dən 11-ə qədər bütün siniflərdə dərs keçmişəm. Dərs vəsaitləri qənaətbəxşdir. Dərsliklərdə dinləmə, oxuma, yazma istiqamətləri hərtərəfli əhatə olunur. Tapşırıqlar da şagirdlərin araşdırma, müstəqil işləmə bacarığını artırmaq üçündür. Vəsaitlərin çoxluğuna qalanda, bunlar bəzi dırnaqarası müəlliflərin ərsəyə gətirdiyi ziddiyyətli materiallardan başqa bir şey deyil, deyə düşünürəm. 

- Vətən müharibəsi iştirakçı olan müəllimdən bu barədə nəsə soruşmadan müsahibə almaq olmaz. Yəqin ki, gənc nəslə ötürülməsi vacib olan xatirələriniz var… Bizimlə nələri bölüşmək istərdiniz?
- Biz Vətən üçün vətəndaş borcumuzu yerinə yetirmişik. Müharibədən qayıdandan sonra şagirdlərin mənə münasibəti dəyişmişdi, məni özlərinin idealı olaraq görürdülər. Müharibədən xoş, acılı xatirələrimiz qaldı, tarixə yazılan günlərimiz oldu. İşlədiyim hər iki məktəbdə vətənpərvərliklə bağlı tədbirlər keçirilir, burada gördüklərimdən, döyüş yoldaşlarımdan, şəhid olanlardan və onların son nəfəslərinə qədər Vətənə borclarını layiqincə yerinə yetirmələrindən söz açıram. Sinif otaqları Milli Qəhrəmanlar, şəhidlərimizin şəkilləri, onlar haqqında məlumatlarla zəngindir. Hətta sizə bir məqamı deyim: Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində ilk dəfə direktor məni ingilis dili müəllimi olaraq deyil, Vətən müharibəsi iştirakçısı kimi tanıdanda kövrəlmişdim. Sualınızla məni yenidən o dövrə geri qaytardınız. 

- Son olaraq sual ünvanlamadan ürək sözlərinizi almaq istəyirəm. 
- Gənclərimizə qarşı ümidlərimiz, arzularımız var. Mənim üçün ən böyük uğur şagirdlərimin sevgisi, onların isti münasibəti, xoş xatirələridir. Adi bir sinif təsəvvür edin: iki şagirdi mən, ikisini riyaziyyat müəllimi, ikisini musiqi müəllimi istiqamətlər üzrə yönəldərsə, düşünürəm ki, mükəmməl nəticə əldə olunar. Bəzən uşaqlardan gözləntilərimiz həddindən artıq çox olur. Axı, onların gələcəyi hələ qarşıdadır! Bəlkə də böyük nəticə deyil, amma 4 şagirdim “İngilis dili müəllimliyi” ixtisası üzrə, 3 şagirdim isə tədrisi ingilis dilində olan fakültələrdə təhsil alır.

Şərhlər

Xəbər lenti

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.