Bütün xəbərlər
29 noyabr, 12:22

İqtisadi baxımdan daha səmərəli, yüksək keyfiyyətli və sənaye üsulu iləhazırlanmış modul tipli məktəblərdən istifadə təcrübəsi dünyada geniş yayılıb. Son illərdə Azərbaycanda da, xüsusilə ölkəmizin ucqar kəndlərində modul tipli məktəblərin inşası geniş vüsət alıb. Azərbaycan Prezidentin müvafiq sərəncamı əsasında Elm və Təhsil Nazirliyinin modul məktəblərlə bağlı 2016-cı ildən həyata keçirdiyi layihənin əsas məqsədi təhsilin əlçatanlığını artırmaq, şagirdlərin daha yaxşı şəraitdə, fasiləsiz təhsil almalarını təmin etməkdir. 

Ənənəvi məktəblərin tikintisi üçün böyük maliyyə vəsaiti, uzun zaman tələb olunduğu halda, modul tipli məktəblər daha qısa zaman ərzində hazır olur, onların inşasına daha az vəsait sərf edilir. Məktəblərin istənilən coğrafi şəraitdə quraşdırıla, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla dəyişdirilə bilməsi də modul tipli məktəblərin əsas üstünlüklərindəndir. 

Şəki-Zaqatala bölgəsində 41 modul məktəb tikilib 

Şəki-Zaqatala bölgəsində modul tipli məktəblərin tikintisi və istifadəyə verilməsi istiqamətində mühüm işlər görülüb. Şəkidə 15, Oğuzda 6, Qəbələdə 6, Zaqatalada 3, Qaxda 9 və Balakəndə 2 olmaqla, bu bölgə üzrə ümumilikdə 41 modul tipli məktəb tikilərək şagirdlərin ixtiyarına verilib. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nəzdində olan bu məktəblər ucqar dağ kəndlərində və şagird sayı az olan ərazilərdə inşa edilib. Bölgədə qəzalı vəziyyətdə olan məktəblərdə təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması üçün müvəqqəti olaraq 50 yerlik səyyar məktəblər də quraşdırılır.

Modul tipli məktəblərin yüksək keyfiyyətli istilik sistemləri ilə təchiz olunması soyuq qış aylarında şagirdlərin rahat və isti şəraitdə təhsil almasına imkan yaradır. 

Əvvəl oxumaq üçün 3 km-lik yol qət edirdilər

“Azərbaycan müəllimi” olaraq modul tipli məktəblərdən birinə — Şəki şəhərinin Təpəcənnət kəndində yerləşən təhsil ocağına baş çəkdik.

Qeyd edək ki, Təpəcənnət kəndinin sakinlərinin bir hissəsi Cəfərabad kəndinə köçüb. Bu kəndin şagirdləri əvvəllər 3 km-dən də uzaq məsafədə yerləşən və baxımsız vəziyyətdə olan Cəfərabad kənd məktəbində təhsil alırdılar. Buna görə Təpəcənnət, eləcə də Çolaqlı kəndlərinin şagirdləri üçün yeni təhsil müəssisəsinin tikilməsi zərurətə çevrilib. 

56 şagird yerlik yeni məktəb 2020-ci ildə kənd sakinlərinin təşəbbüsü ilə tikilib. 9 illik məktəbin yeni binasında 109 şagird ikinövbəli sistemdə təhsil alır. Məktəbin müasir avadanlıqlarla təchiz olunması, istilik sistemlərinin qurulması və şagirdlərin rahatlığı üçün yaradılan şərait bu kənddə təhsilin keyfiyyət göstəricilrinin yaxşılaşmasına təsir edib.

Kənd sakinləri övladlarının təhsilinə böyük maraq göstərirlər

Məktəbin keçmiş direktoru uzun illər təhsilə böyük töhfələr vermiş Musa Mustafayev gənc nəslin yetişdirilməsində əvəzsiz xidmətləri ilə tanınır. Modul tipli məktəbin tikilməsində zəhməti olan Musa müəllim şagirdlərinin və həmkarlarının dərin hörmətini qazanıb. 2022-ci ildə təqaüdə çıxmasına baxmayaraq,  şagirdlər onu daim ziyarət edir, sabiq direktorlarına sevgi və minnətdarlıqlarını ifadə edirlər. 

Hazırda məktəbin direktor əvəzi vəzifəsini icra edən İsgəndər Süleymanov təhsilin keyfiyyətinin yüksəldilməsi üçün valideyn-məktəb əlaqələrinin gücləndirilməsini vacib sayır: "Şagirdlərin uğurlu olması üçün valideynlərin dəstəyi və marağı vacibdir. Biz müəllimlər olaraq, valideynlərlə mütəmadi görüşlər keçirir, onların fikirlərini və təkliflərini dinləyirik. Məktəbin uğurları yalnız müəllimlərin deyil, həm də valideynlərin birgə səyi nəticəsində mümkün olur".

İsgəndər müəllim təhsildə yeniliklərin tətbiqinə və müasir tədris metodlarının istifadəsinə xüsusi önəm verir. O, kənd sakinlərinin övladlarının təhsilinə göstərdiyi böyük marağı yüksək qiymətləndirir və bu əməkdaşlığın gələcəkdə daha böyük nailiyyətlərə səbəb olacağına inanır.

2002-ci ildən Təpəcənnət məktəbində çalışan təlim-tərbiyə işləri üzrə direktor müavini Bəkir Süleymanov müəllim və şagirdlərin davranış qaydalarına xüsusi diqqət yetirir:

"Şagirdlərin davranışı onların gələcəkdə cəmiyyətə yararlı və məsuliyyətli vətəndaşlar kimi formalaşmasında əsas rol oynayır. Biz onlara yalnız bilik deyil, həm də əxlaqi dəyərləri aşılamağa çalışırıq. Dürüstlük,məsuliyyət və hörmət kimi keyfiyyətləri onlara aşılamaq bizim əsas vəzifəmizdir".

60 sualın hamısına düzgün cavab verdi və birinci oldu

İbtidai sinif müəllimi Şəfa Cəbiyeva keçən tədris ilində şagirdlərinin nailiyyətləri ilə fərqlənib. Onun 4-cü sinif şagirdi Mustafayeva Fatimə monitorinq imtahanında 60 sualın hamısına düzgün cavab verərək Şəki üzrə birinci yerə layiq görülüb. Şəfəq müəllimə bu uğurun səbəbini şagirdlərinə fərdi yanaşmada və onlarla səmimi ünsiyyətdə görür: "Şagirdlərimin uğurları mənim ən böyük mükafatımdır. Onların potensialını aşkara çıxarmaq və inkişaf etdirmək üçün hər birinə fərdi yanaşma tətbiq edirəm. Müasir tədris metodlarından istifadə edərək, dərsləri maraqlı və interaktiv etməyə çalışıram. Şagirdlərin dərslərə marağını çoxaltmaqla onların təhsilə olan sevgisini də çoxaldıram".

Azərbaycan dili və ədəbiyyatı müəllimi Nubar Əhmədzadənin şagirdləri isə olimpiadalarda yüksək nəticələr göstərirlər. Müəllimə öz üzərində daim çalışaraq, biliklərini artırır, müxtəlif müsabiqələrdə iştirak edir: "Müasir təhsil sistemində müəllimlərin təkmilləşməsi və yenilikləri izləməsi vacibdir. Mən  şagirdlərimə nümunə olmaq üçün öz üzərimdə işləyirəm. Müxtəlif  seminar və təlimlərdə iştirak edir, yeni tədris metodlarını öyrənirəm. Şagirdlərimin uğurları məni daha da həvəsləndirir və yeni hədəflərə istiqamətləndirir".

Nubar müəllimə şagirdlərinin Azərbaycan dili və ədəbiyyat fənninə olan marağını artırmaq üçün yaradıcı üsullardan istifadə edir. Onların analitik düşüncə qabiliyyətini inkişaf etdirmək, tənqidi düşüncəyə yönləndirmək üçün müxtəlif  layihələr həyata keçirir.

Modul tipli məktəblərin Azərbaycanda, xüsusilə Şəki kimi qədim bir diyarın ucqar kəndlərində tətbiqi təhsilin inkişafına və şagirdlərin daha yaxşı şəraitdə təhsil almalarına mühüm töhfə verir. Təpəcənnət kəndində olduğu kimi, müəllim və valideynlərin birgə səyi ilə təhsildə keyfiyyət yüksəlir, şagirdlər isə yüksək nailiyyətlər əldə edirlər.

1 /4

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.