Bütün xəbərlər
15 oktyabr, 14:00

Müəllimlik məsuliyyətli və şərəfli peşədir. Sokrat deyirdi ki, dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.

Haqqında danışacağımız gənc müəllim Aysel Cəfərova 10 ildir ki, ucqar kənd məktəblərində şagirdlərin həm müəllimi, həm dostudur.

Şagirdlərin və müəllim kollektivinin sevimlisi olan gənc müəllim həm də hər bir şagirdə fərdi yanaşan, onların problemləri ilə yaxından maraqlanan əsl dostdur. Aysel müəllimi sevindirən və fərəhləndirən əsas məqam şagirdlərinin milli və azad ruhda tərbiyə almasında rolunun olmasıdır. Aysel müəllim gənc pedaqoq olaraq ucqar kənd məktəbində dərs deməyin necə hiss olduğunu “Azərbaycan müəllimi” ilə bölüşüb.

Tanıtım: Aysel Kamandar qızı Cəfərova 8 avqust 1990-cı ildə Gədəbəy rayonunun Arıqıran kəndində, ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasına qəbul olub. 2014-cü ildən Gədəbəy rayonunun düşmənlə sərhəd bölgəsi olan Şınıx mahalının Çay Rəsullu kəndində ilk pedaqoji fəaliyyətə başlayıb.

- 5 il bu məktəbdə dərs demişəm. Bu illər mənim üçün həm qayğılı, həm də duyğulu dövr olub. Ona görə qayğılı olub ki, körpə övladımı dayəyə verərək dərsə getmək məni intizarda saxlayırdı. Xoşbəxt idim, ona görə ki, məktəbin həyətinə yaxın yerdə çay üzərində körpü yerləşirdi, şagirdlərim həmin körpüdə məni gül-çiçəklə qarşılayırdılar. Bu xoşbəxtliyi sözlərlə ifadə edə bilmirəm. 

Həyat yoldaşım hərbçi olduğu üçün onun iş yerinə yaxın olmaq məqsədilə iş yerimi dəyişmək məcburiyyətində qaldım. Hazırda Gədəbəy rayonu Bilal Qəhrəmanov adına Qızılqaya kənd tam orta məktəbində çalışıram. Bu məktəb isə yaşadığım yerdən 4 kilometr uzaqdır. Hər gün səhər 7-də oyanaraq hazırlaşır və kilometrlərlə yol qət edərək məktəbə gedirəm. Amma peşəmi sevdiyim üçün böyük həvəslə işə gedib-gəlirəm. Bu çətinliyin öhdəsindən böyük zövqlə gəlirəm. Çünki mənim yolumu gözləyən şagirdlərim var. Mən onların həm dostu, həm sirdaşı, həm də müəllimiyəm. Açıq havada şagirdlərimlə dərs keçirik, onları ekskursiyaya aparıram. Çalışıram ki, onlar vətənpərvər insan kimi böyüsünlər, savadlı olsunlar, dünyagörüşləri formalaşsın və ən əsası cəmiyyətdə özlərini ifadə edib, öz yerlərini tuta bilsinlər. Azad fikir və düşüncədə böyüsünlər.

- Ucqar kənd məktəbində dərs demək, kilometrlərlə yolu qət edib şagirdlərin önündə gümrah dayanmaq nədən qaynaqlanır?

- Fikrimcə, bu, həm şagirdlərimi , həm peşəmi sevmək, həm də pedaqoq kimi mənim vəzifəmdir. Dərsim o qədər pozitiv ab-havada olur ki, qayğılarım, yorğunluğum yadıma düşmür. Şagirdlərin mənə olan sevgisi, mənim onlara olan sevgim dərsimizin gedişatına təsirsiz ötüşmür. Şagirdlərimin dərsə hazır olmaları, öyrətdiklərimi mənimsəmələri mənə inanılmaz zövq verir. Bütün bu pozitiv duyğular uzun yolun yolçusu olduğumu unutdurur. Bundan böyük xoşbəxtlik varsa da, mən bilmirəm.

- Ucqar kənd məktəbində dərs demək necə hissdir? Olubmu ki, kənd məktəbində olan fəaliyyətinizi dayandırıb, təyinatınızı şəhər və ya rayon mərkəzlərində olan məktəblərə dəyişməyi düşünəsiniz?

- Qətiyyən, düşünməmişəm. Çünki ruhum və düşüncəmdə olan yenilikləri kənd məktəbində tətbiq edib, əlçatanlığı təmin etmək istəyirəm. Kənd məktəbində çalışmaq mənə daha xoşdur. Müasir tələblərə cavab verən mühit ucqar kəndlərdə əlverişli deyil. Pedaqoji fəaliyyətimdəki ən böyük uğur kənd məktəblisinin həyatına daxil olmaq, onu müasir düşüncəli insan olaraq yetişdirməkdir. Mən buna nail olmuşam və bu yolda davam edirəm. Bu, mənim ən böyük qalibiyyətimdir.

- Sizcə, sevimli müəllim olmaq üçün ixtisasını dərindən bilməkdən əlavə hansı bacarıqlara sahib olmaq lazımdır?

- Sevimli müəllim olmaq üçün şagirdlərlə düzgün ünsiyyət qurmaq lazımdır. Bu, mənim devizimdir. İxtisasını tədris etmək hələ yaxşı müəllim olmaq demək deyil. Şagirdlərlə dost olmağa çalışıram, istəyirəm ki, onlar mənim yanımda həm sərbəst, həm də məsuliyyətli olsunlar. Dost kimi istəklərini, arzularını mənlə bölüşə, həm də məsuliyyətlərini dərk edə bilsinlər ki, biz dərs otağındayıq. Dərsdən kənar zamanlarda onlarla söhbət edir, insanlıq dəyərlərini aşılayıram, duyğu və düşüncələrimizi necə idarə edə bilərik kimi mövzularda söhbətlər aparıram. Həmçinin  hiss və düşüncələrini sərbəst ifadə edə bilmələri üçün şərait yaradıram. 

Bu tədris ilində yeni şagirdlə tanış oldum. Şagird çətin xarakterli və dəcəl idi. Lakin onunla dost kimi söhbətim, onu dərslərdə həvəsləndirməyim, mükafatlandırmağım, uşaqlar tərəfindən alqışlanması bu gün onu sinfin ən yaxşı oxuyanları sırasına əlavə edib. “Sən bacardın, demişdim axı, mən sənə inanıram” kimi sözlərlə onu ruhlandırdım.

- Bir gününüzü bizlə bölüşəcək olsanız, nələri qeyd edərdiniz?
- Havanın günəşli olduğu günlərdən birini qeyd edərdim. Çünki məktəbimiz dağın ətəyindədir və dərsdən kənar şagirdlərimlə təbiət qoynunda müzakirələr etmək, təbiətlə harmoniyada olmaq üçün havanın əlverişli olması lazımdır. Həmin günün təsviri belə olardı: digər günlər kimi günün birinci yarısı dərsə getdim, dərs saatlarım bitdikdən sonra şagirdlərimlə açıq havada və çay süfrəsi ətrafında söhbət etdik. Mövzumuz vətənpərvər, humanist və mərhəmətli olmağın vacibliyi idi. 

Digər bir günüm isə ən yaxşı xatirəmdir. Bunu bölüşmək istərdim. Havanın gözəl olduğu günlərin birində əməkdaşlıq çərçivəsində şagirdlərimlə quşlar üçün evlər hazırladıq və həmin evləri yerləşdirmək üçün təbiətə üz tutduq. Sözsüz ki, məktəb direktorumuz Tural müəllim yeniliyə açıq olduğu üçün onun da bu mövzularda əməyi danılmazdır. Həmin səfərimizdə təbiəti sevmək və qorumağın vacibliyindən danışdım, təbiətin gözəlliyini şair və yazıçıların necə vəsf etməsindən söhbət açdım. Həmçinin də, çay hövzəsində yerləşən zibilləri təmizlədik.

Gənc müəllim kimi mənə şagirdlərim və onların valideynləri tərəfindən göstərilən inam, etimad və hörmət uzun yolumu belə yaxın edir.

Şagirdlərinin qəhrəmanı olan gənc müəllimin yolunu davam etdirmək arzusunda olan şagirdlərin sayı kifayət qədərdir. Elm və təhsilin inkişafı yolunda yorulmadan çalışan gənc müəllimimizə uğurlar arzu edirik.

Aişə MƏMMƏDOVA,
Tovuz-Qazax regionu üzrə təmsilçi

Şərhlər

Xəbər lenti

11 fevral, 21:29

Nazir müavini: Ötən il 2500 gənc özünüməşğulluq proqramından faydalanıb

11 fevral, 20:46

Bakıda İnsan İnkişafı Forumu təşkil edilib

11 fevral, 19:48

Biz necə bir məktəb qurmalıyıq?

11 fevral, 19:25

2030-cu ilə qədər əmək bazarı və gələcəyin iş bacarıqları 

11 fevral, 18:55

Davamlılıq və OECD-nin təhsildə formalaşan trendləri

11 fevral, 18:20

İnsanlar qadın alimlərə daha çox inanırlar

11 fevral, 17:45

Ev tapşırıqları ləğv oluna bilərmi?

11 fevral, 17:25

Süni intellekt riyaziyyat olimpiadasının çətin suallarını da həll edə biləcək

11 fevral, 16:38

“BilBacar” müsabiqəsinin fevral ayı üzrə hazırlıq mərhələsinə start verilib

11 fevral, 16:28

Yüksək impakt-faktorlu jurnallarda nəşrlə bağlı vörkşop keçiriləcək

11 fevral, 16:19

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiq edilib

11 fevral, 16:15

Mnemonika uşaqlara nə verir?

11 fevral, 16:14

Xocalıda uşaqların üz-gözündən sevinc yağırdı…

11 fevral, 16:01

Dilqəm Tağıyev: "Problem odur ki, özəl sektor elmi işlə maraqlanmır"

11 fevral, 15:51

“Məktəblərdə istedadlı uşaqlar çoxdur, amma universitetdə onların sayı azalır”

11 fevral, 15:46

"Bəzən uşağa elə tapşırıq verilir ki, ali təhsilli valideyn belə həll edə bilmir" – Akademik

11 fevral, 15:24

Müəllimi yaxşı edən nədir? – Harvard professorunun fikirləri

11 fevral, 15:19

Gənc tədqiqatçıların IX beynəlxalq elmi konfransı keçiriləcək

11 fevral, 15:10

Quba-Xaçmaz bölgəsində dörd məktəb üçün yeni bina tikilir 

11 fevral, 14:56

32 ildir ki, dərsə qayıqla gedib-gəlir – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.